Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyasının www.antikorrupsiya.gov.az İnternet saytının texniki imkanları onun daha da təkmilləşdirilməsinin mümkünlüyündən xəbər verir. Saytda korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu, Korrupsiyaya Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planı (2012-2015), qaynar xətt, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin saytı təqdim olunur. Bundan başqa, qurumun saytından “Asan Xidmət” in saytına birbaşa keçid mümkündür. Qurumun ünvanı, həmçinin quruma gəlmək üçün marşrut və sxemi, ictimai nəqliyyat haqqında da məlumat təqdim olunmuşdur. Qurumun rəhbərləri ilə onlayn əlaqə, telefon nömrələri, həmçinin rəhbər şəxslərin bioqrafik məlumatları təqdim edilən bilgilər sırasındadır. Qurumun büdcəsi, büdcədənkənar daxilolmalar, vətəndaşların qəbul qaydaları, tender və yarışmaların keçirilməsi elanları, tender və yarışmaların keçirilməsi qaydaları, abunə imkanı yoxdur. Saytda işə qəbulla komissiya haqda məlumat göstərilsə də, boş iş yerlərinin elanları, işə qəbulun qaydaları haqda heç bir məlumat verilmir. Həmçinin, sahə işçilərinin əmək haqları barədə məlumatlar da gözə dəymir. Qurumun saytında ön səhifədə qaynar xəttin olması saytın operativliyini göstərən haldır. Həmçinin, xarici antikorrupsiya orqanları haqda da saytda məlumat təqdim edilir. Qurumun saytının sosial şəbəkələrdə səhifəsi mövcuddur. Axtarış sistemi işləmir.
Qurumun saytında boş qalan bölmələrinin də məlumatlarla dolğunlaşdırılmasına ehtiyac vardır. Yuxarıda hansı bölmələrin boş olduğunu nəzərə çatdırdıq.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, rəhbərlik, aparat və kollegiya haqqında təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir. Bundan başqa, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza, əsasnamə və təlimatlar da saytda öz yerini almışdır. Bu bölmədə əlavə tövsiyəyə ehtiyac yoxdur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər, həmçinin qurumun marşrut və sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilər təqdim edildiyi üçün əlavə tövsiyə yoxdur.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər, aparat, qurumun alt bölmələri, onların rəhbərləri ilə əlaqə vasitələri haqda məlumatlar təqdim edilmişdir. Bu üzdən də əlavə tövsiyəyə gərək yoxdur.
4. Rəhbər işçilər, onlarla əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və qurumun rəhbəri ilə əks- əlaqə imkanları barədə bilgilər təqdim olunduğu üçün burada da əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərlidir. Mətbuat üçün açıqlamalar olsa da, açıqlamaların tezliyi diqqətdə saxlanmalıdır.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda öz əksini tapmışdır. Saytın ön hissəsində qaynar xətt mövcuddur. Bu üzdən bu sahədə əlavə tövsiyəyə gərək duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında yarımçıq məlumat göstərilir. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər göstərilməyib. Yaxşı olardı ki, bu sahə dolğunlaşdırılsın.
9. Digər təqdim olunmayan məlumat sahə işçilərinin əmək haqları barədədir. Bu barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edilməyən məlumatlardandır. Komissiya üzvlərinin vətəndaşları qəbul günləri haqqında məlumatlar da verilsəydi, bu sahə də dolğunlaşmış olardı.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender elanları, tender və yarışmaların nəticələri barədə də heç bir bilgi göstərilməmişdir. Bu bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
13. Qurumun saytı internet qaydalara uyğundur. Domen rahatlığı var. Onlayn müraciət forması var. Sosial şəbəkələrdə səgifələri mövcuddur. Sayta abunə imkanının olması gərəklidir. Axtarış sistemi işləmədiyi üçün ona diqqət yetirilməsi tövsiyələr sırasındadır.