Azərbaycan Respublikasının Prezidentinin www. president.az domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
27 avqust 2007
Azərbaycan Respublikasının Prezidentinin www.president.az domen adlı rəsmi internet saytının monitorinqin nəticələrinə görə saytı dizayn və tərtibat baxımından ümumən normal hesab etmək olar, xeyli informasiya yerləşdirilməsinə səy göstərilib. Bununla belə saytda mövcud qanunvericiliyin bir sıra tələbləri yerinə yetirilməyib. Odur ki, saytın informasiya əldə edilməsi sahəsində mövcud qanunvericiliyə uyğun qurulması üçün monitorinq qrupu aşağıdakı qeydləri nəzərə almağı tövsiyə edir:
• Saytın daha asan və anlaşıqlı olması üçün menyuların düzülüşünə yenidən baxılmalı eyni adlı menyular dəyişilməlidir.
• İstifadəçinin saytdan daha səmərəli və asan istifadəsi üçün müəyyən addımların atılması faydalı olardı. Prezident hakimiyyəti menyusunda verilmiş qanundan seçilmiş maddələr Qanunlar menyusunda verilsə və Prezident hakimiyyəti menyusunda Azərbaycan Respublikası Prezidentinin iş qrafiki göstərilsə istifadəçilər üçün müvafiq informasiya axtarıb tapmaq daha rahat və asan ola bilərdi.
• Siyasi portret menyusunda prezident İlham Əliyevə verilmiş adlar və mükafatlarla yanaşı onun bütün siyasi fəaliyyəti işıqlandırılması məqsədəuyğun olardı.
• Sənədlər menyusunun Qanunlar bölümündə prezidentin imzaladığı bütün qanunlar deyil, əslində prezident fəaliyyətini tənzimləyən və ya ona hər hansı formada dəxli olan qanunlar daxil edilməsi faydalı olardı. Və yaxud da bu bölmədə Qanunvericilik bazasının yaradılması, ya ölkədəki bu tip rəsmi informasiya sistemlərinə keçid qoyulması faydalı və səmərəli olardı.
• Prioritetlər – burada sadəcə bu və ya digər məsələyə bağlı bir çox hallarda köhnə xəbərlər yer alıb. Yaxşı olardı ki, Prioritetlər menyusunun adı orada cəmlənən məlumata uyğun olardı və həmin bölmələrdə xəbərlər yox, Azərbaycan Respublikası Prezidentinin həmin sahələr üzrə həyata keçirdiyi və ya qeyd olunan istiqamətlərlə bağlı siyasətinin mahiyyəti öz əksini tapaydı.
• İnteraktiv xidmətlərin azlığı nəzərə alınaraq texniki yeniləşmə edilməlidir.
• Struktur menyusunda sadəcə tərkibi və haqqında bilgi verilsə də qəbul gün və saatları, əlaqə vasitələri haqqında bilgi yoxdur. Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatının strukturu, ayrı-ayrı struktur bölmələri haqqında dolğun məlumat ilə yanaşı əlaqə vasitələri tam olaraq göstərilməlidir. Qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumatlar saytda öz əksini tapmalıdır.
• Şikayət, təklif və sorğuların icmalı haqqında məlumatlar yerləşdirilməlidir.
• Prezidentin İcra Aparatına aid dövlət büdcəsinin icmalı və icrası haqqında bilgilər yer almalıdır.
• Mətbuat xidməti – sadəcə “prezidentin mətbuat xidmətinin məlumatı” altında xəbərlər verilib. Ən yeni xəbər isə ötən ilin dekabrına aiddir. Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə qurulmalı və bu xidmətlə əlaqə vasitələri verilməlidir və xəbərlər vaxtaşırı yeniləşməlidir. Yaxşı olardı ki, burada mətbuat xidməti haqqında bilgi veriləydi və onunla əlaqə vasitələri göstəriləydi.
• Nazirlər Kabineti – bu qurum haqda çox qısa bilgi verilib. Yaxşı olardı ki, Nazirlər Kabinetinin rəsmi internet saytına keçid qoyulaydı.
• Ayrı-ayrı məsələlərlə bağlı qaynar xətt telefon nömrələri verilməlidir
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar olmalıdır.
• Ali baş komandan menyusunda Azərbaycan Respublikasının Prezidentinin Milli Ordunun quruculuğu istiqamətində gördüyü işlər və apardığı siyasətin mahiyyətinin göstərilməsi istifadəçi üçün daha əhəmiyyətli ola bilərdi