Müəllif Hüquqları Agentliyinin WWW.COPAG.GOV.AZ domen ünvanlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ile bağlı
TÖVSİYELER
9 sentyabr 2007
İlk baxışdan görünür ki, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin öz rəsmi veb-saytı informasiya baxımından dövlət saytlarına qoyulan tələblərə cavab vermir. Aparılan Monitorinqin nəticələri göstərir ki, saytda bir çox çatışmazlıqlar var. Ona görə bu çatışmazlıqları aradan qaldırması və saytın təkmilləşdirilməsi üçün İnformasiya Azadlığının İnkişafı Koalisiyası tərəfindən bir sıra tövsiyələr hazırlanıb.
1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin cari fəaliyyəti haqqında xəbərlər gündəlik yeniləşməlidir və daha aktual mövzuları əhatə etməlidir.
2. Qanunlar və onun icrasını təmin edən hüquqi sənədlər, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları barədə ətraflı məlumatlar bir menyu altında verilsə yaxşı olardı.
3. Agentliyin rəhbər işçiləri haqqında heç bir məlumata rast gəlinmir. İşə qəbul haqda elan yoxdur. Bu çatışmazlıqları aradan qaldırmaq üçün saytda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ştat cədvəli, boş iş yerləri, işə qəbul üçün müsabiqə qaydaları, müsabiqənin yekunları haqqında məlumatlar qanunun tələblərinə uyğun olaraq yerləşdirilməlidir. Eyni zamanda yaxşı olardı ki, bu məlumatlara rəhbər işçilər haqqında bioqrafik məlumatlar və onların vətəndaşları qəbul qaydaları haqqında məlumatlar əlavə olunaydı.
4. Saytın bu məlumatlar hissəsinə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları verilməlidir.
5. Yaxşı olardı ki, komitənin daxili əmr, sərəncam və qərarları haqqında da məlumatlar saytda öz əksini tapaydı.
6. Hər hansı alqı-satqı əməliyyatı haqqında, tender elanları eləcə də konkret aparılmış alqı-satqının nəticələri haqqında məlumatın saytda verilməsi yaxşı olardı.
7. Saytda beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar öz əksini tapmayıb.
8. Sual, təklif və sorğuların icmalı verilsə vətəndaşları maraqlandıran məsələnin daha tez həllinə kömək etmiş olardı.
9. Saytda xüsusi blokun ayrılması və istifadəçilərə mümkün sahələrdə interaktiv xidmət göstərilməsi faydalı olardı.
10. Əhaliyə daha effektiv xidmət etmək üçün göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında məlumatlar saytda yerləşdirilsə yaxşı olardı.
11. Yaxşı olardı ki, müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri saytda yerləşdirilsin.
12. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemin olması yaxşı olardı.
13. Dövlət saytlarına keçidlər qoyulmalıdır.