Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Internet saytının monitorinqinin yekunu
9 sentyabr 2007
“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin WWW.COPAG.GOV.AZ domen adlı rəsmi saytının monitorinqi aparılıb. Monitorinq nəticəsində məlum olmuşdur ki, saytda bir çox əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı bir sıra informasiyalar yerləşdirilsədə dövlət saytlarına qoyulan tələblərə cavab vermir və informasiyanın mövcudluğu, həcmi, onun keyfiyyət və aktuallıq göstəricilərinə görə çox zəifdir.
Saytın ilkin görünüşü komitənin adının, Azərbaycan folkloru nümunələrinin və dahi azərbaycan mütəfəkkirlərinin şəkli, azərbaycan, rus və ingilis dilli versiyaya keçid üçün yazılmış səhifəsi ilə açılır. Bundan sonra uyğun dili seçdikdə baş menyular Ümumdünya Kitab və Müəlliflik Hüququ, Beynəlxalq Əqli Mülkiyyət, günü münasibətilə təbrik mətni olan birinci səhifə açılır. Baş menyuda Agentlik haqqında, Son xəbərlər, Hüquqlarin təminati, Qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları haqqında məlumat, Azərbaycan Respublikası NK-nin qərarlari haqqında məlumat, Məqalələr, Əmlak hüquqları, Bizimlə əlaqə, Linklər kimi bölmələr əks olunur.
Dövlət orqanı haqqında ümumi məlumatlar
Bu bölmə haqqında məlumatlar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi haqqında menyusunda nəzərdə tutulub. Agentlik haqqında menyusunda agentliyin əsas vəzifələri və funksiyalarını həyata keçirmək üçün hüquqları göstərilib. Burada agentliyin tarixi, strukturu, struktur bölmələri haqqında əsasnamələr verilməyib.
Qeyd etmək lazımdır ki, menyularda göstərilən səhifələrə keçiddən sonra geriyə qayıdış imkanları nəzərə alınmayıb. Eyni zamanda burada komitənin vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə, ştat cədvəlləri, boş iş yerləri və namizədlərə verilən tələblər, işə qəbul və müsabiqə qaydalarına rast gəlinmir. Saytın zəif cəhətlərindən biri də rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul qaydalarının olmamasıdır. Bundan başqa şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatların yerləşdirilməsi nəzərə alınmayıb. Agentliyin cari fəaliyyəti haqqında məlumatlar
Son xəbərlər hissəsində verilib. Ancaq bu informasiya həcmi və aktuallıq baxımdan kifayət deyil. Axırınci verilən xəbər 24 aprel 2007-ci il tarixinə aiddir. Qanunlar və onun icrasını təmin edən hüquqi sənədlər, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları barədə ətraflı məlumatlarla saytın Hüquqlarin təminati, Qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları haqqında məlumat, Azərbaycan Respublikası NK-nin qərarlari haqqında məlumat bölmələrində tanış olmaq mümkündür. Burada Azərbaycan Resbublikasının agentliyin fəaliyyəti sahəsində istinad olunan qanunlar toplusu və verilmiş fərmanlar yerləşdirilib.
Ancaq Dövlət Agentliyinin öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir.
Dövlət orqanlarının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları
Bu bölməyə aid olan informasiya aşağı səviyyədə göstərilib demək olar ki, qoyulan tələblər öz həllini tapmayıb. Belə ki, Dövlət Agentliyi büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur. Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar və özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında məsələlərə toxunulmayıb. Eyni zamanda Agentliyin balansında olan əmlak haqqında məlumata yer verilməyib.Beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalara yer ayrılmayıb. Yəni aşağıda göstərilən bir çox məqamlar saytda öz həllini tapmayıb:
• Özünə aid olan informasiya resursları haqqında məlumatlar;
• Satınalmalar barədə məlumatlar;
• Təklif olunan kreditlər və qrantlar, onların şərtləri və istifadəsi, haqqında məlumatlar;
• Kütləvi tədbirlərin proqramları;
• Özü ilə əlaqəli dövlət büdcəsi haqqında və dövlət büdcəsinin icrası barədə hesabatlar;
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;
• Dövlət orqanının səlahiyyətli nümayəndələrinin çıxışlarının işılandırılması;
Göstərilən xidmətlərə dair məlumatlar
1. Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər barədə məlumatlar yoxdur.
2. OnLine və interaktiv xidmətlər saytda nəzərdə tutulmayıb.
3. Müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə bağlı formalar və onların doldurulmuş nümunələri, tələb olunan sənədlərin siyahısı yoxdur.
Texniki tələbatlar
1. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemi yoxdur.
2. Digər faydalı və ya dövlət saytlarına keçidlər yaxşı tərtib olunmayıb.