05.11.2007
“İnformasiya Azadlığının İnkişafı “ Koalisiyasının
Məlumatı
Bərdə şəhər Bələdiyyəsində regional Bələdiyyələrin iştirakı ilə “Bələdiyyələrdə informasiya münasibətlərinin daha effektiv mexanizmlərinin yaradılması” mövzusunda geniş toplantı keçirilib.
Tədbir Counterpart İnternational təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində keçirilib.
Toplantıda Bərdə şəhər Bələdiyyəsinin sədri Oqtay Məhərrəmov, Layihənin rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz, Layihənin eksperti Ələsgər Məmmədli, Koalisiyanın üzvü, AVCİYA – nın nümayəndəsi Vüqar Tofiqli, İcra Hakimiyyətinin nümayəndəsi və digər şəxslər çıxış ediblər.
Çıxışlarda İnformasiya əldə edilməsi haqqında Qanunun Bələdiyyələr üzərinə qoyduğu vəzifələrin gerçəkləşdirilməsi, bələdiyyələr və vətəndaşların qarşılıqlı münasibətlərinin qurulmasında çevik və effektiv yolların tapılması ətrafında müzakirələr aparılıb. Layihə çərçivəsində Bələdiyyə üzvləri və qulluqçuları arasında keçirilən Treninqlərin əhəmiyyəti vurğulanıb və bu prosesin digər bələdiyyələr də cəlb edilməklə genişlənməsinin zəruriliyi bildirilib.
Tədbirin sonunda Bərdə şəhər Bələdiyyəsinin Layihə çərçivəsində hazırlanan rəsmi internet saytının təqdimatı keçirilib. www.berde.belediyye.az ünvanına malik olan saytda Bərdə şəhər Bələdiyyəsi və bölgə ilə bağlı xeyli faydalı informasiya ehtiyatı yerləşdirilib. Hazırda bu cür resurslara malik olmayan bölgənin digər Bələdiyyələrinin bu internet saytın imkanlarından istifadə etməsinin faydalı olacağı bildirilib.
Toplantıda Bərdə, Ağcabədi və Tərtər bölgəsinin Bələdiyyələrinin, icra hakimiyyətlərinin nümayəndələri və bölgənin vətəndaş cəmiyyəti subyektlərinin nümayəndələri iştirak edib.
Multimedia Mərkəzi Tel: 492 44 44
www.informasiya.org