Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet resursu monitoringin nəticələrindən də göründüyü kimi bir sıra göstəricilərinə görə “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə qismən cavab verir. Bununla belə saytda xeyli sayda çatışmazlıq da var ki, onların aradan qaldırılması zəruridir. Bu, həm qanunun tələblərindən irəli gəlir, həm də ziyarətçilərin informasiya tələbatının təmin edilməsi baxımından zəruridir. Ümumiyyətlə monitorinqin nəticəsi onu göstərir ki, bu resursun üzərində son dövrlərdə xeyli iş aparılıb. Ancaq aşağıda qeyd edəcəyimiz bəzi məqamlar nəzərə alınsa onun işini daha da gücləndirmək olar.
1. Hər şeydən əvvəl saytın domen ünvanını dövlət domen zonasına – .gov.az-a keçirmək zəruridir. Özü də ki, saytın domen adını həm də Azərbacyan dilində, yəni www.neftfondu.gov.az, yaxud da www.dnf.gov.az kimi vermək də səmərəli olardı.
2. İkinci əsas məsələ odur ki, açılan hər səhifənin xarici başlığı ingilis dilində verilib. Halbuki bir qayda olaraq başlıqlar da səhifənin açıldığı dilə uyğun olmalıdır.
3. Açılan hər yeni səhifədə daxili bağlıqların yoxluğu da ziyarətçilər üçün problem yaradır. Yəni keçidi tıqlamaqla yeni səhifəyə keçərkən tərkib olduğu halda başlıq ortaya çıxmır. Halbuki bu məsələni həll etmək olduqca vacibdir.
4. Ana səhifəyə girişi bir qədər yüngülləşdirməyə ehtiyac var. Buradakı “fləş” təqdimatını daha başqa bir şeylə əvəz etmək vacibdir. Xüsusən də nəzərə alsaq ki, Azərbaycanda İnternetə giriş elə də asan iş deyil və ağır yüklü səhifələrin açılması çətin məsələlərdən sayılır.
5. Saytda boş iş yerləri ilə bağlı verilən elanların tərkibi də daha ciddi olsa məqsədəuyğun olardı. Yəni hazırda olduğu kimi deyil, tarix, tələblər, əmək haqqı dərəcəsi, son müraciət müddəti və s. də əlavə edilərək elanların verilməsi zəruridir.
6. Qurumun özü haqqında bilgiləri yetərli saymaq mümkün olsa da onun rəhbəri və işçiləri haqqında demək olar ki, heç bir bilgi verilməməsi ciddi qüsurdur. Yəni kadrların hər biri haqqında biografik bilgilərin verilməsi zəruridir.
7. Daha bir məqam vəzifəli şəxslərin qəbul qaydaları və qəbul vaxtları ilə bağlıdır. Bu məsələ də saytın sahibi tərəfindən unudulub.
8. Büdcə haqqında informasiyaların olması müsbət hal sayılsa da sonuncu illərlə bağlı bilginin yoxluğu təəssüf doğurur. Yəni tez bir zamanda 2007-ci ilin büdcəsi və onun icra vəziyyəti, eləcə də 2008-ci ilin büdcəsini sayta yerləşdirmək vacibdir.
9. Mətbuatla və bütövlükdə ictimaiyyətlə əlaqələrin vacibliyini nəzərə alaraq ana səhifədə və sonrakı səhifələrdə bu sahəyə məsul olan vəzifəli şəxslə əlaqə imkanlarını təkrar göstərmək işin xeyrinə olardı.
10. Saytda fondla əlaqə üçün ümumilikdə yetərli sayıla biləcək bilgi verilsə də ayrı-ayrı struktur bölmələri ilə də birbaşa əlaqə vasitələrinin verilməsi məqsədəuyğundur.