Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az domen ünvanındakı İnternet resursu monitoringin nəticələrində də qeyd etdiyimiz kimi xeyli sayda faydalı informasiya daşıyıcısıdır. Bununla belə saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan informasiyaların hələlik böyük əksəriyyəti, daha dəqiq olaraq 33 informasiyadan 26-sı ümumiyyətlə yoxdur. Əlbəttə ki, bu xoşagələn hal d eyil və ümid edək ki, nazirliyin rəsmiləri onu aradan qaldıracaqlar.
Ümumilikdə saytın navigasiyası rahat hesab edilə bilər. Lakin bəzi lazım olmayan keçidlərin varlığı ziyarətçilərin əsəblərini tarıma çəkə bilər. Bu və digər məsələlərlə bağlı tövsiyələrimizi aşağıda qruplaşdırmağa çalışacağıq:
1. Saytın domen ünvanı yalnız ingiliscədir. Halbuki bunun Azərbaycan variantını da, məsələn, www.mtun.gov.az kimi qeydiyyatdan keçirmək olardı.
2. Saytdakı materialların əksəriyyətində orfografik səhvlər, özü də həddən artıq çox sayda səhvlər var. Bu baxımdan saytın bütün mətnlərinin yenidən redaktəsi zəruridir.
3. Azərbaycanla bağlı müxtəlif məlumatlar (məsələn, əhali xəritəsi) xeyli köhnədir. Onların yeniləri ilə əvəz edilməsi uyğun olardı.
4. Əsas menyudakı keçidləri tıqladıqda sol tərəfdə yeni alt menyu olmaqla boş səhifələr açılır. Halbuki əsas menyudakı keçidin tərkibi haqqında ümumi məlumatı da həmin səhifələrə yerləşdirmək yerinə düşərdi.
5. Nazirliyin strukturu haqqında keçidlərdə daha sonrakı səhifələrə keçid imkanları var. Burada daha irəli getdikdə hansısa şöbənin rəhbərinin adından başqa, demək olar ki, heç bir informasiya verilməyib. Belə olan halda bütün bu adları bir cədvəldə toplayıb onlarla səhifəni ixtisar etmək olar. Gələcəkdə isə həmin cədvəldəki adların üzərinə tıqlamaqla irəli getmək üçün imkan yaratmaq olar.
6. Saytda nazirliyin nə yer ünvanı, nə də ki, hər hansı telefon və ya faks nömrəsi yoxdur. Yalnız onlayn müraciət formasının olması yetərli deyildir. Ona görə də bütün səhifələrin dabanında olmaq şərtilə ümumi, ayrı-ayrı struktur bölmələri üçünsə vahid siyahı şəklində əlaqələr səhifəsi qurmaq lazımdır.
7. Qəribə hallardan biri də nazirliyin özü haqqında heç bir bilginin olmamasıdır. Yəni belə bir bilgini yerləşdirmək elə də problem olmasın gərək.
8. Nazirliyin büdcəsi, onun icrası və s. haqqında bilgilər də gözə dəymir. Şəffaflığın təmin edilməsi baxımından olduqca zəruri sayılan belə bilgilərin yerləşdirilməsi vacibdir və qanunun tələbləri sırasındadır.
9. Boş iş yerləri və işə qəbul qaydaları haqqında da bilgilər verilməsinə ehtiyac var.
10. Abunə yazılışı üçün formanın olması müsbət hal sayılsa da onun işləməməsi təəssüf doğurur. Ola bilsin ki, saytın qurucuları hardasa qüsura yol veriblər və bu baxımdan həmin qüsurun aradan qaldırılması zəruridir.
11. Vəzifəli şəxslərin qəbul günlari və qəbul qaydaları haqqında da geniş və anlaşıqlı bir bilgi vermək məqsədəuyğun olardı.
12. Daha bir vacib məqam saytda istifadə edilən informasiyaların müəlliflik hüququ haqqında bilgilərin olmamasıdır. Yaxud da mənbələrin yoxluğudur. Məsələn, hansısa şəhər haqqında bilginin haradan götürülməsini göstərmək məqsədəuyğun olardı.
13. Bütün bunlardan daha vacibi isə qurumun ictimaiyyətlə əlaqələrə məsul olan struktur bölməsi, və ya vəzifəli şəxsi ilə birbaşa əlaqə imkanlarının əlçatan şəkildə yerləşdirilməsi bir çox suallara cavab tapılmasına yardımçı olardı.