Bakı şəhəri Güney Qafqaz və Orta Asiya bölgəsinin ən iri şəhəri və Azərbaycanın paytaxtı olması üzündən, həm də neft ehtiyatları ilə zəngin bir ərazidə yerləşməsi baxımından dünyanın diqqətini özünə cəlb edən bir megapolisdir. Təbii olaraq da belə bir megapolisin üzərinə hər tərəfdən diqqətin cəlb olunması onun barəsində informasiya əldə etmək istəyənlərin milyonlarla ölçülə biləcəyinə gətirib çıxara bilər. Bu baxımdan adı keçən qurumun İnternet resursu əvəzsiz rol oynaya bilərdi. Təəssüf ki, ziyarətimiz və monitoringimiz nəticəsində bunun hələ də arzu olaraq qala biləcəyinə əmin olduq…
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) www.bakucity.az domen ünvanlı İnternet saytı giriş səhifəsi ilə açılır. Burada Az, Eng və Rus dillərindən birinin üzərinə tıqlamaqla irəli gedib müvafiq dildəki ana səhifəyə keçmək olar. Açılan səhifədən digər dillərdə olan səhifələrə də keçmək imkanı var. Saytın xəritəsi keçidi olsa da əslində o menyunun təkrarından başqa bir şey deyildir.
Beləliklə, BŞİH-in Az versiyasının ana səhifəsi yuxarı üfqi blokda qurumun binasının fotoşəkli, ondan sonra iri planda Bakının mənzərəsi və onun üzərində də şəhərin emblemi ilə açılır. Elə həmin şəkillərin üzərində də “Bakı Şəhər İcra Hakimiyyəti” sözləri yazılıb. Bura bir “Azərbaycan Respublikası” da əlavə etmək yerinə düşərdi. Elə bu üfqi blokun alt zolağında bir menyu verilib: xəbərlər (ana səhifəyə açılır), anonslar (yəni bildirişlər, boşdur), tarix (Bakı şəhərinin qısa tarixi), ərazi (şəhərin ərazisi və iqlimi haqqında qısa bilgi), mədəniyyət ( məlumat səhifələrinə keçidlər), səhiyyə (qurumların siyahısı və onlarla əlaqə imkanları), təhsil (ali təhsil müəssisələrinin siyahısı və onlarla əlaqə vasitələri).
Üst blok bitdikdən sonra aşağıda üç blok yerləşdirilib. Bunlardan soldakı özündə əsas menyunu, paytaxtda hava prognozunu və paytaxtın xəritəsini ehtiva edir. Orta blok isə ana səhifədə son xəbərləri içərməklə “Xəbərlər” adı altındadır. Ən yeni xəbərin tarixi… 21 yanvar 2008-ci ildir. Halbuki biz monitoring aparan zaman həmin tarixdən düz 20 gün keçmişdi və bu müddət ərzində icra hakimiyyətində ictimaiyyətin marağına səbəb olacaq informasiyanın olmaması mümkün deyil. Sağ blokda işləməyən axtarış qutusu, onun altında “Bakı fotolarda” səhifəsinə keçid, onlardan da aşağıda ayrı-ayrılıqda Heydər Əliyev, İlham Əliyev və Mehriban Əliyevanın, həmçinin www.azerbaijan.az saytlarına keçidlər verilib.
Saytın dabanında isə… Saytın dabanı yoxdur. Onu da qeyd edək ki, ana səhifədə hər hansı əlaqə vasitəsi göstərilməyib.
Beləliklə, əsas menyu:
Ümumi məlumat: “Yerli icra hakimiyyəti haqqında” əsasnamə. Heç mətləbə dəxli yoxdur;
BŞİH-nin tarixi: qısa bir tarixi bilgi;
Bakının herbi: Bakı şəhəri herbinin təsviri (şəkli və sözlü təsviri);
BŞİH-nin binası və onun tarixi: Bakı şəhər icra hakimiyyətinin binası (qısa tarixi);
BŞİH-nin başçısı: başçı Hacıbala Abutalıbov haqqında çox xəsisliklə verilmiş qısa bilgi;
BŞİH-nin strukturu: Xarici Əlaqələr və İnvestisiya Programları Departamenti, Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən “İnterservis” müdiriyyəti, Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı Şəhər Baş Əsaslı Tikinti və Təmir İdarəsi, İqtisadiyyat Komitəsi, Memarlıq və Şəhərsalma Baş İdarəsi, Mənzil Kooperativ Təsərrüfatı İdarəsi, Bakı Şəhər Kino Xidməti İdarəsi, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi, Bakı Şəhər Baş Maliyyə İdarəsi, Bakı Şəhər Baş Təhsil İdarəsi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Bakı Şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsi, Bakı Şəhər Məşğulluq İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhər Baytarlıq İdarəsi, Bakı Şəhər Torpaq İdarəsi;
Beynəlxalq əlaqələr: Bakı Şəhər İcra Hakimiyyətinin xarici əlaqələr sahəsindəki işinin əsas istiqamətləri (qısa bilgi);
Qəsəbələrin sosial-iqtisadi inkişafı: sadəcə ölkə prezidentinin bir sərəncamı;
İcra hakimiyyətinin nəşriyyat organları: “Bakı” və “Baku” qəzetləri haqqında qısa bilgi;
BŞİH başçısı aparatında qəbul qaydaları: Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinin qəbul günləri, saatları və qəbula yazılmaq üçün telefon nömrələri olan bir siyahı;
Əlaqə: BŞİH-in yer və e-poçt ünvanları, bir ümumi telefon nömrəsi.
Beləliklə, BŞİH-in İnternet saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 informasiyadan cəmi 6-sı yerləşdirilib. Və onlar da tələbata cavab verəcək halda deyil.