Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus www.sumqayit-ih.gov.az domen adlı İnternet resursu şəhərin xüsusən də paytaxtdan kənarda olması səbəbindən xeyli diqqət cəlb edir. Saytda xeyli informasiya yerləşdirilsə də bu İnternet resursunu tam dolğun və qanunauyğun saymaq olmaz. Yəni saytda bir sıra – konkret olaraq “İnformasiya əldə edilməsi haqqında” qanunda nəzərdə tutulan 33 informasiyadan yalnız 7-sinin olmasını nəzərə alaraq bir sıra tövsiyələrimizi vermək istərdik:
1. Saytda yalnız icra başçısının biografiyası, özü də olduqca qısa şəkildə yerləşdirilib. Halbuki qanunun tələbinə görə digər vəzifəli şəxslər barədə də biografik məlumatlar saytda yerləşdirilməlidir.
2. İcra hakimiyyəti ilə insanların birbaşa əlaqə saxlaya bilməsi və çevik şəkildə istənilən informasiya əldə edilməsində yardım ala bilməsi üçün ictimai əlaqələrə məsul şəxs və ya struktur bölmə ilə əlaqə imkanları ana səhifədə və sonrakı səhifələrdə əlçatan yerdə verilsə işin xeyrinə olardı.
3. Xüsusi maraq doğura biləcəyini və qanunun tələbini nəzərə alaraq şəhərin ayrıntılı büdcəsinin sayta yerləşdirilməsi də xeyli faydalı bir iş olardı.
4. İşə qəbul və boş iş yerləri haqqında bilgilərin yoxluğu da iddialı sayta elə də yüksək reyting qazandıra bilməz.
5. Saytda qardaşlaşmış şəhərlər, yaxud da onlarla əlaqələr haqqında qısa bilgilərin yerləşdirilməsi müsbət haldır. Bununla belə həmin şəhərlərin müvafiq qurumlarının İnternet resurslarına keçidlərin də verilməsi yerinə düşərdi.
6. Sumqayıtın ərazisi və əhalisi haqqında da ayrıntılı bilgilərin verilməsinə ehtiyac var.
7. Vəzifəli şəxslərin qəbul günləri və qəbul qaydaları haqqında bilgilərin yoxluğu təəccüb doğurmaya bilməz. Hər kəsə bəlli olan bu cür bilgiləri saytda yerləşdirmək işin xeyrinə olardı.
8. Əks əlaqə üçün onlayn formanın olması müsbət hal olsa da bu formaya yazılacaq məktubun kimə çatacağı bəlli olmadığından etimad problemi yarada bilər. Yəni yaxşı olardı ki, həmin formanın doldurulması vacib olan hissələrindən biri də “kimə” ünvanlı olardı.
9. Saytda axtarış qutusunun olmaması da təəccüb doğurur. Yəni hər hansı ziyarətçi hər hansı informasiyanı nə cür axtarıb tapa bilməlidir? Yəqin ki, saytın qurucuları bu suala axtarış motoru quraşdırmaqla cavab verə bilərlər.
10. Xəbərlərin çevikliyi diqqəti cəlb edir. Ancaq abunə imkanı yoxdur. Halbuki şəhərlə bağlı yeniliklər haqqında hər kəs, ən azından isə sakinlər vaxtında məlumat almaq istərdi.