Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az domen ünvanlı rəsmi İnternet saytı “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə tam cavab verməsə də üzərində ciddi diqqət olan bir resursa bənzəyir. Həm saytın tərtibatı və istifadə rahatlığı, həm də ki, saytdakı faydalı məlumatların asan əldə edilə bilməsi baxımından bu resursu müsbət qiymətləndirmək olar. Bununla belə monitoringin nəticələrindən də göründüyü kimi sayt qeyd olunan qanuna tam cavab verəcək halda deyil.
Beləliklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnternet saytı ana səhifə ilə açılır. Burada yuxarı üfqi blokda sol tərəfdə Azərbaycan Respublikasının herbi önündə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi” sözləri yazılıb. Onun önündə isə nazirliyin Az (www.sehiyye.gov.az) və Eng (www.health.gov.az) dillərində domen ünvanları göstərilib.
Daha aşağıda iki şaquli blok verilib. Sol blokda yuxarı hissədə ana səhifə də daxil olmaqla cəmi altı keçiddən ibarət əsas menyu verilib. Ondan aşağıda isə bütün yeni səhifələrdə eyni qaydada təkrarlanmaqla xəbərlər sütunu və axtarış qutusu (işləyir) verilib.
Sağ blok isə heç də sol blok qədər sadə deyil. Əksinə, xeyli mürəkkəb təsir bağışlayır. Bununla belə orada yerləşdirilən bir çox keçidlər ziyarətçilərin əslində axtarıb tapmaq istədiyi cavabları əhatə edəcək durumdadır. Bu blokda ümumilikdə on yeddi fərqli mənbə ilə bağlı keçidlər verilib. Təbii ki, həmin keçidlərin bir çoxuna əsas menyudan da gedib çıxmaq mümkündür.
Saytın dabanında isə “© Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 2006. webmaster@health.gov.az” sözləri və əsas menyudakı keçidlərin təkrarı verilib. Resurs yalnız Azərbaycan türkcəsindədir.
Beləliklə, əsas menyu:
Ana səhifə: yuxarıda qeyd etdiklərimiz;
Xəbərlər: burada ən son xəbərlər və daha öncəki xəbərlərə keçid verilib;
Nazirlik haqqında: Səhiyyə Nazirliyinin tarixi (Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən günümüzə qədər nazirliyin tarixi haqqında qısa bilgi), nazirliyin əsas vəzifələri (nazirliyin əsas vəzifələrini içərən 16 maddə), nazirliyin əsas hüquqları (nazirliyin səlahiyyət dairəsini göstərən qısa bilgi), səhiyyə islahatları (qısa bilgi), beynəlxalq əlaqələr (qısa bilgi);
Hüquqi sənədlər: qanunlar (cəmi on yeddi sənəd), fərmanlar və sərəncamlar (15 sənəd), normativ aktlar (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı);
Sual-cavab: burada quruma sual ünvanlamaq üçün onlayn formaya keçid və nazirə müraciət üçün əlavə imkan var; sual-cavabdan hiss olunur ki, fəal bir onlayn forum təmin edilib;
Əlaqə: yer və e-poçt ünvanları, telefon və faks nömrələri; bir də ki, nazirliyin ünvanını əks etdirən xəritə.
Bunlardan başqa saytda ana səhifənin sağ şaquli blokundan birbaşa keçidlə “tender və müsabiqələr”, “iş elanları”, “əhəmiyyətli telefon nömrələri”, səhiyyə sisteminə daxil olan qurumlara (ölkənin bütün rayonları üzrə) girişlər və s. yer alıb. Sonuncu ana səhifədə verilən xəritənin üzərinə tıqlamaqla fəallaşdırılır və növbəti səhifədə daha iri həcmdə ortaya çıxan xəritədə bəlli nöqtələrə tıqlamaqla həmin rayonların səhiyyə müəssisələri haqqında (adı və yeri) bilgi almaq olar. Tam dolğun olmasa da təqdirəlayiqdir.
Nəticə isə bundan ibarətdir ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 13-ü bu və ya digər səviyyədə yer alıb.