Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məxsus www.refugees-idps-committee.gov.az domen adlı rəsmi İnternet resursu monitoringinin nəticələrindən də göründüyü kimi “İnformasiya əldə etmək haqqında” qanuna tam cavab vermir. .. Xüsusən də nəzərə alsaq ki, ölkədəki qaçqın və məcburi köçkünlərin sayı bir milyona yaxındır və onları maraqlandıran çoxlu sayda suallar mövcuddur, onda bu qurumun öz İnternet resursuna daha ciddi yanaşma zərurəti bir daha təsdiqlənmiş olardı…
Saytın ümumi istiqamətləri və işinin təkmilləşdirilməsi ilə bağlı bunları tövsiyə etmək istərdik:
1. Saytın domen adı həddən artıq uzun və anlaşıqsız olduğu üçün onun daha uyğun hala gətirilməsinə gərək var. Məsələn, www.qacqin.gov.az və www.refugee.gov.az domen adları daha uyğun və anlaşıqlı ola bilərdi.
2. Ana səhifədəki üfqi bloklar və digər səhifələrdə onların təkrarı ilə bağlı ciddi düşünmək zərurəti var. Yəni hər açılan səhifənin önəmli bir hissəsini belə boşa xərcləmək olmaz.
3. Saytda xəbərlərin yenilənməsində olduqca ciddi gecikmələr olduğu nəzərə çarpır. Görünür müvafiq sahəyə məsul olan struktur vahidi və ya vəzifəli şəxs yerində deyil.
4. Saytda komitənin rəhbəri də daxil olmaqla heç bir vəzifəli şəxs barədə biografik bilgilər yer almayıb. Bu boşluğu da doldurmağa zərurət var.
5. Əsas menyudan keçidlə ictimai əlaqələrə məsul olan struktur vahidi haqqında danışılsa da onunla birbaşa əlaqə imkanları göstərilməyib. Halbuki bu şəxsin və ya struktur vahidinin telefon nömrələri və e-poçt ünvanı ana səhifədən başlayaraq daha asan əldə edilə biləcək yerdə yerləşdirilsəydi faydalı olardı.
6. İşə qəbul qaydaları və boş iş yerləri haqqında da heç bir bilgi verilmir. Bu sahə ziyarətçilərin ciddi marağına səbəb olmaqla bərabər həm də qanunun tələbləri sırasındadır.
7. Qurumun büdcəsi haqqında bilgilərin sayta yerləşdirilməsi qanunun tələblərindən daha biridir.
8. Komitənin yerli strukturlarının yerləşdiyi ərazilərin göstərilməsi yetərli deyil. Onların yer ünvanı və telefon nömrələri, vəzifəli şəxsləri barədə də bilgilər vermək lazımdır.
9. Axtarış qutusunun işini sahmana salmaq və arxiv keçidi yaratmaq da zəruri tələblər sırasındadır.
10. Abunə imkanlarının yoxluğu bu sahəyə maraq göstərənlər üçün problem sayıla bilər.
11. Tender və müxtəlif müsabiqələr haqqında mövcud olan bilgiləri sayta yerləşdirmək vacibdir.
12. Vəzifəli şəxslərin qəbul günləri və qəbul qaydaları ilə bağlı bilgilərin yerləşdirilməsi də ən ciddi tələblər sırasında gəlir v s.