Azərbaycan Respublikası Milli Bankının www.nba.az domen adlı İnternet saytı qeyd etdiyimiz kimi pul və bu sahədə aparılan siyasət haqqında yetərincə bilgi vermək iqtidarındadır. Xüsusən də nəzərə almaq lazımdır ki, saytın istifadə rahatlığı və xarici dildə (Eng) olan variantının da demək olar ki, ana dilli versiya ilə eynigüclü olması bu sahəyə məsul şəxslərin öz işlərinə məsuliyyətli yanaşmasının yaxşı göstəricisi sayıla bilər. Bununla belə saytın hələ də təkmilləşdirilməyə və tamamlanmaya ehtiyacı var. Məhz bunu nəzərə alaraq bəzi tövsiyələrimizi qələmə almaq istərdik:
1. Nəzərə alaraq ki, Milli Bank dövlətin pul siyasətinə məsuliyyət daşıyan bir dövlət qurumudur o zaman onun İnternet saytının domen adının gov.az zonasında olması məqsədəuyğun olardı. Məsələn, www.amb.gov.az və www.nba.gov.az kimi.
2. Saytda Azərbaycan Respublikasının adının yazılması ilə yanaşı dövlətin bayrağı və herbi kimi atributlardan da istifadə etmək zəruridir.
3. Saytda bir çox materialların, xüsusən də hesabat və elan xarakterli materialların olması, özü də vaxtında yeniləşmiş formada olması üstünlüklərdən daha biri kimi nəzərə çarpır. Bununla belə həmin materialların bir çoxundan istifadədə bəzi çətinliklər yarana bilir. Bu da onların .xls, .doc və .pdf formatlarında olmasıdır (demək olar ki, xeyli sayda sənəd bu formatlarda yerləşdirilib). O baxımdan tövsiyə edərdik ki, həmin materialların hamısı ən azından .html formatına keçirilsin.
4. Vəzifəli şəxslərin qəbul günləri və saatları haqqında bilgi verilsə də qəbula yazılmaq və qəbul qaydaları haqqında məlumat gözə dəymir. Yaxşı olardı ki, qəbula yazılmaq üçün telefon nömrəsi və onlayn forma da verilmiş olaydı.
5. Saytda ümumi e-poçt ünvanı verilib. Halbuki indiki zamanda hər bir vəzifəli şəxsin istifadə etdiyi e-poçt ünvanının da burada göstərilməsi zəruridir.
6. Qeyd etdiyimiz kimi sayt özünün texniki imkanları ilə yetərincə peşəkar səviyyədə hazırlanıb. Ancaq burada abunə yazılmaq üçün imkanların olmaması təəssüf doğurur. Ümid etmək istərdik ki, saytın qurucuları bu boşluğu aradan qaldıracaq.
7. Vəzifəli şəxslərin çıxışları kategoriyasında yalnız bir çıxış yerləşdirilməsi də yetərli sayıla bilməz. Bu baxımdan həmin bölmənin zənginləşdirilməsinə də ehtiyac var.
8. Ölkənin pul ehtiyatları və siyasəti haqqında hər cür bilgini daşıyan saytda Milli Bankın özünün büdcəsi və onun icrası haqqında bilgilərin olmaması təəccüb doğurmaya bilməz.
9. Daha bir təəccüb doğuran məsələ isə işçilərin əmək haqqı dərəcələri və onların formalaşma qaydaları haqqında bilgilərin olmamasıdır.
10. Milli Bankın ərazi təşkilatları haqqında yalnız ünvan və telefon nömrələrinin olması da yetərli sayıla bilməz.