Təəssüflə qeyd etmək lazımdır ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məxsus www.scs.gov.az domen adlı rəsmi İnternet resursu “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən hələ xeyli uzaqdır. Sayt dolğun deyil və ən zəruri informasiyalar orada yerləşdirilməyib. Bundan başqa onlayn xidmətlər və büdcə məsələləri, eyni zamanda xüsusi olaraq diqqət cəlb edə biləcək digər məsələlər barədə də saytda bilgi verilmir. Bununla belə resursun fakt olaraq mövcudluğunu və təkmilləşdirilə bilmə imkanlarını nəzərə alaraq bəzi tövsiyələrimizi vermək istərdik.
1. Saytın domen adı Azərbaycanlı ziyarətçiyə heç nə demir: scs. Yəni yaxşı olardı ki, daha asan anlaşıla bilən və məntiqə uyğun bir domen adı seçilsin. Məsələn, www.qkdk.gov.az bunlardan biri ola bilərdi.
2. Saytın ana səhifəsinin açılışı zamanı ortaya çıxan fləş-təqdimat da ziyarətçiləri bir qədər duruxmağa məcbur edə bilər. Yəni lay-lay açılan şəkillər həm yüklənmə, həm də tanınma baxımından əngəl törədir. By baxımdan statik görüntü verilməsi məqsədəuyğun olardı.
3. Saytda qurumun strukturunun sxemi verilib. Bundan əlavə rəhbər işçilərin adları, vəzifələri, telefon nömrələri və e-poçt ünvanları verilib. Ancaq təəssüf ki, heç bir rəhbər şəxs haqqında biografik bilgilər yer almayıb. Yaxşı olardı komitənin sədri də daxil olmaqla vəzifəli şəxslər barədə bu cür bilgilər yerləşdirilərdi.
4. Bir sıra sənədlər .doc formatında yerləşdirilib ki, bu da ziyarətçilər üçün əlavə çətinlik deməkdir. Halbuki resursun İnternet saytı olmasını nəzərə alaraq bütün sənədləri (yüklənilməsi/endirilməsi zəruri olan sənədlərdən başqa) .html və s. formatında vermək məqsədəuyğun olardı. Yəni hansısa bir qanunun və ya sərəncamın .doc formatında olmasına heç lüzum yoxdur.
5. Qurumun büdcəsi və onun icrası barədə də bir kəlmə belə bilgi yoxdur. Halbuki heç kimə sirr olmayan və xüsusi olaraq gizli saxlanılmayan bu bilgini də sayta yerləşdirmək olardı və qanunun tələbinə görə lazımdır da.
6. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər qanunun tələbləri sırasındadır.
7. Vəzifəli şəxslərin qəbul günləri (saatları) və qəbul qaydaları haqqında bilginin yoxluğu da ziyarətçi-istifadəçilər üçün əlavə problem yaradır. Bu məlumatların ayrıntılı şəkildə yerləşdirilməsi yaxşı olardı.
8. Saytda onlayn xidmət adlanacaq heç bir şeyin olmaması da təəssüf doğurur. Ən azından e-abunə və onlayn müraciət formaları yerləşdirmək, bizcə, elə də çətin olmasın gərək.
9. Axtarış qutusu olsa da onun işində problem var. Mozilla Firefox-la yoxladığımız zaman onun işləmədiyi aşkar edildi.
10. Qurumun mətbuatla (ictimaiyyətlə) əlaqələrə məsul şəxs(lər)i ilə birbaşa əlaqənin ana səhifədən təmin edilməsi məqsədəuyğun olardı.
11. Daha bir zərurət də digər dövlər qurumlarının və müvafiq beynəlxalq təşkilatların İnternet resurslarına keçidlərin verilməsi ilə bağlıdır.
12. MDB tənzimçilərinin Şurası keçidinə tıqlarkən səhifənin rusca açılması da aradan qaldırılmalı nöqsanlardan daha biridir və s.