Auditorlar Palatasına məxsus www.audit.gov.az domen adlı İnternet resursu hiss olunur ki, uzun müddətdir yenilənmir. Rəsmi sayt, baxımsız durumdadır. Bəlkə də demək olar ki, sadəcə unudulub. İstər tərtibat baxımından, istərsə də funksionallıq baxımından saytın yenidən qurulmasına zərurət var. Özü də bu dəfə ən zəruri bilgilərə normal girişin təmin edilməsi, boş səhifələrin doluları ilə əvəz edilməsi şərtilə.
Saytın ana səhifəsi israfçılıq nümunəsi sayıla bilər. Burada olduqca az bilgi və menyu verildiyi halda səhifənin demək olar ki, yarısını grafiklər tutub. Sol tərəfdə olmaqla mərhum prezident Heydər Əliyev və Azərbaycan bayrağı önündə palatanın emblemi, onun da qarşısında “Azərbaycan Respublikasının Auditorlar Palatası” sözləri yerləşdirilib. Bu bir zolaq təşkil edir. Onun altında isə daha bir zolaqda əsas menyu yerləşdirilib. Bunların altında isə daha bir enli və demək olar ki, boş zolaq yerləşdirilib. Bu boş zolaqdan aşağıda sol tərəfdə işləməyən axtarış qutusu, ortada əlavə menyu və sağ tərəfdə Ru və Eng keçidləri verilib.
Aşağıda isə şaquli şəkildə iki blok yerləşir. Sol blokda bir cümlə ilə auditin nə olması haqda açıqlama və onun altında digər rəsmi saytlara keçidlər səhifəsinə bağlantı verilib. Sağ blokda palatanın vəzifə, funksiya və səlahiyyətləri haqqında qısa bilgi var.
Saytın dabanında “2003-2005 © "AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI"” və "Sayt "Vision"İM" tәrәfindәn hazırlanıb" sözləri yazılıb. Elə buradan da hiss edilir ki, sayt uzun zamandır unudulub…
Əsas menyu:
Qanunvericilik: “Auditor xidməti haqqında” qanun (tam mətni), “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” əsasnamə, Azərbaycan qanunvericiliyində audit (müxtəlif qanunlar), “Azərbaycan Respublikasında audit sisteminin islahatı” konsepsiyası (tam mətni), milli audit standartları (sadəcə siyahı);
AP üzvləri: sərbəst auditorlar (adları, lisenziya və ünvanları, telefon nömrələri), yerli auditor təşkilatları (qurumun adı, üzvləri, ünvan və telefon nömrələri), xarici auditor təşkilatları (qurumun adı, üzvləri, ünvan və telefon nömrələri);
Beynəlxalq əlaqələr: üzv olduğu beynəlxalq qurumlar (siyahı), iştirak etdiyi beynəlxalq tədbirlər (1996-2002-ci illəri əhatə edən bilgilər);
Nəşrlər: 20 ayrı-ayrı nəşr haqqında bilgi;
Audit-Azərbaycan İctimai Birliyi: adından da göründüyü kimi bir ictimai birliyin saytına keçid;
Yeniliklər: press-relizlər (boş), xəbərlər (2005-ci ilin yanvarından 2007-ci ilin aprelinə qədər dövrü əhatə edir – başlıqlara tıqladıqda boş səhifələr açılır);
Auditorlar üçün: qeydiyyat imkanı və qyediyyatı olanlar üçün e-poçt ünvanı ilə şifrəni daxil etməklə giriş imkanı.
Əlavə menyu:
Ana səhifə: xülasə hissəsində qeyd olunanlar;
Sorğu: boşdur;
Struktur: sxem (bəzi düymələrin üzərinə tıqladıqda yeni, ancaq tamamilə boş səhifələrə keçmək olur);
Əlaqə: boşdur;
Fontlar: gərəksiz olsa da yükləmək üçün şriftlər.
Monitorinqin nəticəsi acınacaqlıdır. Saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan cəmi 5-i yer alıb ki, onların da dolğun və tam olmasından söhbət belə gedə bilməz.