Monitoringin nəticələrində də qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnternet resursu elə də zəngin sayt təsiri bağışlamır. Bununla belə o da nəzərə alınmalıdır ki, sayt hələ yeni qurulub və mümkündür ki, yaxın zamanlarda daha da zənginləşdirilsin. Bununla belə hesab edirik ki, saytın işinin təkmilləşdirilməsi və onun qanunun tələblərinə uyğunlaşdırılması baxımından bəzi tövsiyələrimizi dilə gətirmək işin faydasına olardı.
1. Saytın domen ünvanı ilə bağlı ciddi düşünməyə ehtiyac var. Bu domen adının kökü olan “scfwca” nəinki Azərbaycan ziyarətçisinə, heç ingilis və başqa əcnəbi dilli ziyarətçilərə də bir şey demir. Buna görə də nəsə daha ağlabatan bir ad fikirləşmək zəruridir. Məsələn, Azərbaycan dilli versiya üçün www.aqupdk.gov.az və ya sadəcə www.aile.gov.az domen adı daha məqsədəuyğun olardı.
2. Saytda struktur adı altında vəzifələrin adları və onların məsul şəxsləri göstərilib. Bunun da tam olması bir qədər şübhə doğurur. Yaxşı olardı ki, struktur şəcərəsi sxematik olaraq göstərilsin və burada tabeçilik də aydın şəkildə ifadə edilmiş olsun.
3. Saytda vəzifəli şəxslərin yalnız adlarının verilməsi yetərli deyil. Qanunun tələbinə görə vəzifəli şəxslər barədə biografik bilgiləri də aydın şəkildə ifadə etmək lazımdır. Halbuki burada heç komitə sədrinin özü haqqında bilgilər belə verilməyib.
4. Ştat cədvəlləri də ayrıca göstərilməlidir. Monitoring zamanı biz struktur bölmələrinin adlarını əsas götürüb bunu ştat cədvəli kimi nəzərə alsaq da yetərli saya bilmərik.
5. Əmək haqqının formalaşması yolları və əmək haqqı dərəcələri haqqında da bilgiyə gərək var.
6. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər bir dövlət qurumunda şəffaflığın təmin edilməsi baxımında çox zəruridir. Bununla belə komitənin saytında belə bilgilərə rast gəlinmir.
7. Şəffaflığın təmin edilməsi üçün ən zəruri bilgilərin önündə gələn isə büdcə haqqında məlumatlardır. Təəssüf ki, komitənin illik büdcəsi və onun icrası barədə saytda heç nə deyilmir.
8. Saytda abunə sisteminin olması da faydalı olardı.
9. Axtarış qutusu olsa da orada ciddi sayılmayacaq, ancaq ciddi problemlər yarada biləcək xırda bir qüsur var ki, onu da aradan qaldırmaq lazımdır. Məsələn, əgər bir söz yalnız böyük hərflə yazılırsa onu kiçik hərflə yazıb axtarış apararkən nəticə sıfır olacaq. Halbuki bütün atxarış sistemlərində hərflərin kiçi və ya böyük yazılması heç bir fərq etmir və axtarış nəticə verir.
10. Mümkün deyil ki, komitə hər hansı bir tender, müsabiqə və ya bu cür əməliyyatlar keçirməsin. Ancaq təəssüf ki, saytda bu barədə də heç bir bilgi yoxdur.
11. Saytda nəşrlər barədə bilgilərin verilməsi yaxşı haldır. Ancaq onların yalnız adlarının olması yetərli deyildir. Tam mətni olmasa da hər bir nəşr haqqında heç olmasa annotasiya xarakterli bilgiləri yerləşdirmək də mümkündür.
12. Digər dövlət qurumlarının saytlarına keçidlərin olması da müsbət hallar sırasındadır. Ancaq göründüyü kimi keçidlərin hamısı verilməyib və onları tamamlamaq işin faydasına olardı.
13. O cümlədən müvafiq beynəlxalq qurumların da saytlarına keçidlər vermək lazımdır.