Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet resursu ilk baxışdan ciddi dövlət internet resursu təsiri bağışlamır. Üstəlik buradakı pərakəndəlik, bir çox səhifələrin boş olması, olanların da tərtibat baxımından yenə də qeyri-ciddi təsir bağışlaması əslində bir dövlət qurumu üçün o qədər də xoşagələn hal deyildir.
Qurumun saytı ana səhifə ilə açılır. Bu səhifə çərçivələrdən tərtib edilib. Yuxarı çərçivədə qurumun adı və iri hərflərlə “diaspora.gov.az” sözləri yazılıb. Sol çərçivədə isə Bakının Qız Qalasından başlamaqla bir sıra ölkələrdəki məşhur tikililərin şəkillərindən ibarət şaquli zolaq verilib. Saytın əsas məzmunu isə orta çərçivədə yer alıb. Bu çərçivə də özlüyündə iki bloka bölünüb. Şaquli şəkildə olmaqla sağ və sol bloklara (əslində onları müntəzəm blok adlandırmaq da çətindir).
Sol blok www.diaspora.az saytının baneri ilə başlayır. Onun altında e-poçt ünvanı ilə daxil olmaq və ya qeydiyyatdan keçmək üçün bir imkan verilir. Daha aşağıda isə “Azərbaycan filmləri” adlı bir zolaq verilib ki, oradan müxtəlif filmlər haqqında bilgilərə keçmək olar. Elə bu zolağın sonunda Bakıda faktiki hava durumu və saat göstərilir.
Bundan aşağıda daha iki banner, sonra onlayn TV və radio, ən son MP3-lər keçidləri və yenə də onların altında bir baner yerləşdirilib. Bu banerin altında müxtəlif kategoriyalara aid saytlar keçidlər verilib.
Sağ blok “Diaspora” adı altında bir menyudan, ondan aşağıda əlaqə keçidindən ibarət olmaqla başlayır. Daha aşağıda isə axtarış qutusu var ki, o da işləmir. Sonra “Ana yurdum Azərbaycan” adlı əsas menyu başlayır.
Əsas menyudan aşağıda “Dilmanc” tərcümə programını yükləmə imkanı, sonra MP3 arxivi və Azərbaycan filmləri səhifələrinə keçidlər verilib.
Saytın dabanında isə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi", "Hazırladı: Səbuhi NOVRUZOV və Ruslan Dadaşov", "Copyright © 2005 Bütün hüquqlar qorunur" sözləri yazılıb.
Diaspora menyusu:
Mühacirət tarixi: qısa bilgi içərən bir səhifə;
Xəbərlər: www.diaspora.az saytına keçid;
Saytlar: müxtəlif ölkələr üzrə diaspora qurumlarının İnternet saytlarına keçidlər verilən bir səhifə;
Təşkilatlar: müxtəlif ölkələrdəki diaspora qurumlarımız haqqında bilgiləri olan səhifələrə keçidlər;
Keçirilmiş tədbirlər: qitələrin xəritəsi açılır və üzərinə tıqladıqda səhifənin tapılmaması barədə bilgi verilir;
Dövlət qayğısı: bir neçə xəbər;
Əlaqə: yer ünvanı, iki telefon nömrəsi və yazışmaq üçün onlayn forma.
Əsas menyu:
Ümumi məlumat: hazırlanır;
Azərbaycan tarixi: www.gateway.az saytından alınma material;
Azərbaycan mədəniyyəti: muğam, korifeylər, rəssamlıq, çalğı alətləri (işləmir);
Azərbaycan ədəbiyyatı: hazırlanır;
Folklor: atalar sözləri, tapmacalar, xalq mahnıları, bayatılar, Molla Nəsrəddin, Şəki lətifələri, Hacı dayı;
Musiqi: hazırlanır;
Səyahət: “Bura Vətəndir” adlı şəkilli-keçidli səhifə açılır;
Galereya: çoxlu şəkillər var;
Azərbaycan mətbəxi: plovlar, kabablar, sulu xörəklər, dolmalar, balıq yeməkləri, xəmir xörəkləri, qəlyanaltılar, qutablar, turşular, şirniyyatlar, içkilər, mürəbbələr;
Əlifba: Azərbaycan latın əlifbasının hərfləri;
Xəritə: üzərinə tıqlayaraq daha irəli gedə bilmə imkanı olan Azərbaycan xəritəsi;
Coğrafiya: çox qısa bir bilgi;
Telefon kodları: ölkə şəhərlərinin telefon kodları;
Əhali: 2001-ci ilə qədər olan bilgilərdən ibarət statistika;
Din: Konstitusiyadan çıxarış və din haqqında qısa bilgi;
Təqvim: milli bayramlar və tarixi əhəmiyyətli günlər haqqında;
Downloads: divar kağızları və şriftlər.
Göründüyü kimi bir sıra səhifələr hələ hazırlanma mərhələsindədir, yerdə qalanlar da bir qədər pərakəndə və bəzən də natamam halda ziyarətçilərin istifadəsinə verilib.
Ümumi nəticə isə bundan ibarətdir ki, bu komitənin İnternet saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 3-ü yer alıb.