Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen adlı İnternet resursu alayarımçıq bir sayt olmaqla bərabər həm də uzun zamandır unudulmuş vəziyyətdədir. Çoxlu sayda boş səhifələrin olması və xəbər və məlumatların çox gec-gec yenilənməsi onu göstərir ki, nazirliyin müvafiq struktur bölməsi bu işə ciddi yanaşmır. Yeri gəlmişkən onu da deyək ki, saytdakı mövcud məlumatları da elə də zəngin saymaq olmaz.
Nazirliyin saytı ana səhifə ilə açılır. Səhifənin yuxarı hissəsində Azərbaycan bayrağı və herbinin təsviri verilib. Bunların qarşısında üfqi istiqamətdə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri yazılıb. Bu blokun sonunda isə hökumət evinin şəkli verilib.
Səhifə iki şaquli blokla davam edir. Sol blokda yuxarı hissədə çay dərən qızların şəkli, onun altında Az, Eng və Ru keçidləri yerləşdirilib. Bundan daha aşağıda isə əsas menyu və onun aşağı hissəsində işləməyən axtarış qutusu verilib.
Sağ blok isə deyəsən son xəbərləri ehtiva edir. Buradan anlaşılan odur ki, ən sonuncu dəfə sayt 2007-ci ilin noyabrında yenilənib. Ondan öncəki yenilənmələr isə 2007-ci ilin yanvarına təsadüf edir.
Saytın dabanında da keçmişdən qalma bir qeyd yer alıb: “Copyright © Azerin.com 2005”. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Əsas menyu
Xəbərlər: mərkəz (ana səhifədə olanların təkrarı), "Agrolizing" ASC (iki məlumat, hər ikisi 01 avqust 2006-cı ilə aiddir), Dövlət Baytarlıq Xidməti (boşdur), Dövlət Fitosanitar Nəzarəti Xidməti (boşdur), Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (köhnə bir elan);
Nazirlik: nazir (biografiyası), nazirlik (nazirliyin əsasnaməsi), struktur (struktur bölmələri və onlardakı ştatların sayı barədə cədvəllər), tarix (boşdur);
Sənədlər: əsasnamələr və müxtəlif qanunların siyahısı;
Sahələr: texnika (üç köhnə məlumat), heyvandarlıq (heyvandarlıq və atçılıq haqqında 2006-cı ilin bilgiləri), bitkiçilik (fitosanitariya xidməti və bitkiçilik – 2005-ci ilə aid), Agrar Elm Mərkəzi (boşdur), iqtisadiyyat (kredit sahəsi – köhnə xəbər);
Layihələr və programlar: 2002-2015-ci illər üzrə kənd təsərrüfatı programı (yalnız giriş hissəsi (?)), ərzaq təhlükəsizliyi programı (boşdur), regional program – 2004-2008 (boşdur), regionların sosial-iqtisadi inkişafı programı nazirlik üzrə (?) (prezidentin fərmanı);
Beynəlxalq əlaqələr: cəmi bir bilgi;
Əlaqə: boşdur.
Göründüyü kimi saytdakı səhifələrin xeyli hissəsi boşdur. Dolu olanlar da uzun zamandır ki, yenilənmir və faktiki belə hesab etmək olar ki, bu sayt gözdən pərdə asmaq üçün mövcuddur. Bunu elə monitoringin nəticəsi də sübut edir: saytda
“İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 4-ü yer alıb.