Monitoringin nəticələrinə əsasən Nəqliyyat Nazirliyinin İnternet saytı özünün praktikliyi və istifadə rahatlığı ilə diqqəti cəlb edir. Saytda gerçəkdən də ciddi tələbat duyulan bir sıra informasiyalar əks olunub. Xüsusi olaraq lisneziya ilə bağlı tələb olunan sənədlərin siyahısı, həmçinin bütün vəzifəli şəxslərin qəbul günləri və saatları haqqında bilginin olması təqdirəlayiqdir. Bununla belə bir sıra çatışmazlıqlar da var ki, onlarla bağlı bəzi tövsiyələrimizi dilə gətirmək istərdik.
1. Saytın domen adının kökü – mot – Azərbaycan dilli ziyarətçiyə heç nə demir. Buna görə də onu qurumun adının qısaldılmış forması – nn-lə əvəz etmək bizcə məqsədəuyğun olardı. Məsələn, www.nn.gov.az kimi.
2. Saytda elə ana səhifədən xəbərlərin yenilənməsini hiss etmək olar. Bununla belə xəbər yayımında çevikliyini olduğunu demək olmaz. Yəni xəbərlər ya gecikmə ilə verilir, ya da ara-sıra.
3. Qurumun vəzifəli şəxslərinin adlarının və telefon nömrələrinin verilməsi də müsbət haldır. Ancaq qanunun tələbinə görə bu yetərli deyildir. Yəni hər bir vəzifəli şəxs barədə həm də biografik bilgilər yerləşdirilməlidir.
4. Qəbul günləri və saatları ilə bilgi əslində var. Ancaq adi ziyarətçi onu haradan və necə tapacağını müəyyən etməkdə çətinlik çəkir. Ona görə qəbulla bağlı ayırca keçid yaratmaq daha məqsədəuyğun olardı.
5. Çox nəhəng maliyyə tələb edən layihələrin icrası məşğul olması baxımından daim diqqət mərkəzində olan nazirlik təəssüf ki, özünün illik büdcəsi və onun icrası barədə bilgiləri açıqlamır. Yaxşı olardı ki, bu bilgilər sayta yerləşdirilsin.
6. Boş iş yerləri və işə qəbul qaydaları haqqında da bilgilər gözə dəymir. Halbuki şəffaflığın təmin edilməsi baxımından bu olduqca zəruridir… həm də ki, qanunun tələbidir.
7. Elə eyni fikirləri ştat cədvəlləri barədə də demək olar.
8. Qüvvədə olan əmək haqqı dərəcələri və onların formalaşması üsulları haqqında bilgilər də hər bir ziyarətçi üçün maraqlı olardı.
9. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqə məsələlərini də bir qədər dəqiqləşdirmək lazımdır. Yəni ən azından bu vəzifəyə məsul şəxsin adını və birbaşa əlaqə vasitələrini ayrıca göstərmək lazımdır.
10. Digər dövlət qurumlarının saytlarına keçidlərin verilməsi də işin faydasına olardı və s.