Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus İnternet resursun monitoringinin nəticələrindən də göründüyü kimi özünün istifadə rahatlığı və praktikliyi ilə seçilir. Üstəlik saytda onun işini ciddi şəkildə əngəlləyəcək problemlərin olmaması və tərtibatın zövqlə qurulması da diqqət çəkəndir. İşlək axtarış qutusu, abunə yazılmaq üçün imkanlar və rəy bildirmək üçün onlayn formanın olması, həmçinin qurumun yerləşdiyi yeri göstərən xəritənin olması da müsbət hallardır. Bununla belə bir daha qeyd etmək istərdik ki, saytı dolğun hesab etmək olmaz. Ona görə də bu resursun işini təkmilləşdirmək üçün bəzi tövsiyələrimizi vermək istərdik.
1. Saytın domen adının “socar” köklü olması bəlkə də əcnəbilər üçün daha yaxşıdır. Ancaq Azərbaycan dilli ziyarətçilər üçün bu problem yarada bilər. O baxımdan yaxşı olardı ki, həm də www.neft.gov.az adlı bir domen də eyni ünvana aparıb çıxarsın.
2. Saytda xəbərlərin gündəlik yenilənməsi də müsbət haldır. Bununla belə vəzifəli şəxslərin çıxışları ilə əlavə bölmə də yaratmaq zəruridir.
3. Müxtəlif struktur vahidlərinin telefon nömrələri verilsə də vətəndaşların qəbulu qaydaları və qəbul günləri haqqında bilgi yoxdur. Bu boşluğu aradan qaldırmaqla qanunun daha bir tələbinə əməl etmək olardı.
4. Statistikanın verilməsi də müsbət hallardan biri kimi dəyərləndirilə bilər. Ancaq qurumun büdcəsi haqqında heç bir bilginin olmaması təəssüf doğurur.
5. İşə qəbul və boş iş yerləri haqqında bilgilərin olması da əslində saytın daha dolğun qiymətləndirilməsinə səbəb ola bilərdi.
6. Ştat cədvəlləri və işçilərin əmək haqları, onların formalaşması yolları haqqında bilgilərin sayta yerləşdirilməsi də qanunun daha bir tələbidir.
7. ARDNŞ-in mülkiyyəti və ondan istifadə ilə bağlı bilgilər gözə dəymir. Halbuki qanun bunların da saytda yerləşdirilməsini tələb edir.
8. Saytda informasiya məsələlərinə məsul olan şəxslə bağlı da bilgi tapmaq çətinlik törədir. Yaxşı olardı ki, elə ana səhifədə bu struktur vahidi və ya onun rəhbərinə birbaşa çıxış imkanı göstəriləydi.
9. Mühüm bilgilərdən biri də digər dövlət organlarının saytlarına keçidlərin verilməməsidir. Hər halda bu çatışmazlığı aradan qaldırmaq da elə bir səy tələb etməzdi və s.