Vergilər Nazirliyinin İnternet resursu monitoringinin nəticəsinə əsasən belə qənaətə gəlmək olur ki, sayt informasiya cəhərdən kifayət qədər zəngindir. Burada “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan 22-si yerləşdirilib. Özü də bu informasiyaların demək olar ki, əksəriyyəti yetərincə dolğunluq və aktuallıq həddindədir. Üstəlik buraya onu da əlavə edək saytda həm də e-vergi xidmətləri fəaliyyət göstərir. İlkin rəyimiz hər halda özünü doğruldub və bu da onun göstəricisidir ki, nazirliyin bu sahəyə məsul olan şəxsləri öz vəzifələrini məsuliyyətlə icra edirlər. Bununla belə saytda bəzi çatışmazlıqlar da var ki, onlarla bağlı öz tövsiyələrimizi dilə gətirmək istərdik.
1. Hər şeydən əvvəl istərdik ki, Azərbaycan dilli ziyarətçilərin işini asanlaşdırmaq üçün www.vergiler.gov.az adlı domen də paralel olaraq fəaliyyət göstərsin. Hər halda “taxes” sözünü bilməyəcək milyonlarla insanımız ola bilər.
2. Saytda fləş tətbiqatından istifadə onun ilkin yüklənməsini çətinləşdirir. Saytın qurucularının bu amili nəzərə alması məqsədəuyğun olardı.
3. Boş iş yerləri və işə qəbul məsələləri ilə bağlı əsas menyuya keçid əlavə edilməsi işin faydasına olardı. Əks halda ana səhifədəki ümumi xəbərlərin arasında bu bilgini tapmaq çətinlik törədə bilər. Həm də ki, vaxt apara bilər.
4. Saytda xəbərlərə abunə imkanının gözə dəyməməsi də çatışmazlıq hesab edilməlidir. Belə bir zəngin və imkanlı saytın bu cür xidmət göstərməməsi heç də yaxşı hal deyil.
5. Digər dövlət qurumları və müvafiq beynəlxalq təşkilatların saytlarına keçidlərin də yerləşdirilməsi işin xeyrinə olardı.
6. Büdcə kriteriyasına uyğun gələn informasiya olsa da büdcənin icrasına dair kriteriyaya uyğun informasiyanın yoxluğu da bir çatışmazlıq sayılır. Ona görə də nazirliyin büdcəsinin icra vəziyyətini əks etdirən bilgiləri sayta yerləşdirmək yerinə düşərdi.