Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus www.edu.gov.az domen adlı İnternet resursu ilk baxışdan zəngin bir sayt təsiri bağışlasa da əslində içi boşdur. Düzdür, sayt son zamanlar tərtibat və strukturlaşma baxımından yenidənqurmaya məruz qalıb. Ancaq ana səhifədəki keçidləri tıqladıqca açılan hər bir boş səhifə ziyarətçini özündən çıxarmaya bilmir. Açığı, bu cür vacib bir qurumun ixtiyarındakı resursdan ziyarətçilərə qarşı belə sayğısızlıq gözləmirdik. Ancaq nə etməli, olan oldu.
Təhsil Nazirliyinin saytı ana səhifə ilə açılır. Qeyd etdiyimiz ki, struktur və tərtibat baxımından resurs yaxşı təsir bağışlayır. Əslində ana səhifədəki keçidlərin hamısı işləsəydi bu sayt bəlkə də ən yaxşılardan biri olardı. Ancaq yenə də nə yazıq ki, bu belə deyil. Saytın Eng və Ru keçidləri də var. Bununla belə onlar da işləmir. Yəqin hazırlanma mərhələsindədir. Ümumiyyətlə isə saytdakı boş səhifələrə açılan keçidləri yox saymaqla monitoringimizi icra elədik. Bir keçid boş səhifəyə aparıb çıxarırsa, deməli burada informasiya yoxdur. Belə səhifələr isə bu saytda onlarladır…
Qəribə və təəccüb doğuran isə odur ki, saytın yuxarı hissəsində üfqi halda əsas menyu yer aldığı halda aşağıda tam bir şaquli sütundakı cədvəl də əsas menyu olmağa iddia edir. Təbii ki, bu cür təsnifat yaxşı hesab oluna bilməz. Yəni yaxşı olardı ki, keçidlər daha konkret və bir yerdən olsun ki, ziyarətçilərdə çaşqınlıq yaranmasın.
Ana səhifədəki xəbərlər bölümü özlüyündə aktual və dolğun olması ilə seçilir. Yəni bu sahədə işlərin yaxşı qurulduğunu demək olar.
Əsas menyu:
Azərbaycan: ümumi məlumatlar (köhnədir), tarix, mədəniyyət (4 yazı), iqtisadiyyat (3 yazı);
Nazirlik: rəhbərlik (nazir, nazir müavinləri (boş), şöbə rəisləri (boş)), ümumi məlumat (nazirlik haqqında), kollegiya (boş) (kollegiya üzvləri (siyahı), materiallar (boş) (çıxışlar – nazirin 3 çıxışı)), əsasnamə (mətni), struktur (sxem), telefon soraqçası (vəzifəli şəxslərin telefon nömrələri, e-poçt ünvanları, təhsil və ixtisasları);
Tarix (boş): Heydər Əliyev və təhsil (boş), təhsil tarixi (boş), nazirliyin tarixi, dərslik tarixi (boş), fotogalereya (boş);
Sənədlər (boş): qanunlar (boş), fərmanlar və sərəncamlar (iki sənəd), aktlar (boş), əmrlər (1 sənəd), qanun layihələri (boş);
Fəaliyyət (boş): təhsil (boş), elm və innovasiya (boş), uşaqlarin sosial müdafiə və tərbiyəsi (boş), beynəlxalq əməkdaşlıq (boş), dövlət xidməti (boş), sərgilər (boş), müsabiqə və tenderlər (boş);
Layihələr (boş): dövlət proqramları (2 sənəd), layihələr (boş);
Mətbuat (boş): anonslar (boş), press-reliz (boş), xəbərlər (boş), müsahibələr (boş), hesabat və çıxışlar (boş), təhsil KİV-ləri (boş), fotogalereya (boş);
Əlaqə (boş): əlaqə (baş), vətəndaşların qəbulu günləri (boş), sual-cavablar (boş), forum (boş), saytın xəritəsi (anlaşıldığı kimi);
Yuxarıda haqqında qeyd etdiyimiz şaquli sütundakı menyunun demək olar ki, keçidlərinin 95 faizi boş səhifələrə açılır. Buna görə də onlar haqqında qeydlərimizi etməkdən vaz keçirik.
Ümumiyyətlə isə bu qurumun saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 13-ü ələgələn hesab edilə bilər.