Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen ünvanlı İnternet resursu olduqca zəif təsir bağışlayır. Saytda ən adi informasiyalar belə gözə dəymir. Düzdür, gömrük rəsmiləşdirməsi və tariflərlə bağlı olduqca vacib informasiyalar var, ancaq digər və heç də az əhəmiyyət kəsb etməyən bilgilər yoxdur. Beləliklə, saytda gördüklərimizi aşağıda təqdim edirik:
1. Qurumun tarixi haqqında informasiya çatışmır. Ümumiyyətlə bu barədə heç nə yoxdur.
2. Qurulduğu gündən bu vaxtadək quruma rəhbərlik edənlər barədə də heç bir bilgi yoxdur. Hətta hazırkı rəhbərin biografiyası da verilməyib.
3. Quruma getmək üçün marşrut və həmçinin qurumun ünvanının sxemi verilməyib.
4. Struktur bölmələrinin səlahiyyət çətçivəsi barədə ayrıca bilgilər verilməyib.
5. Rəhbər işçilərin biografiyaları verilməyib. Bundan başqa ayrı-ayrı rəhbər şəxslərlə əks əlaqə üçün yalnız telefon nömrələri verilib. Halbuki burada onlayn forma da vermək olardı.
6. Qurumdaxili əmr, qərar və sərəncamlar barədə də heç nə deyilmir. Müvafiq olaraq belə sənədlərin reestri də nəzərə çarpmır.
7. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqqında da heç nə deyilmir.
8. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icra durumu haqqında da heç bir bilgi verilmir.
9. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgiləri bir qədər də tamamlamağa ehtiyac var.
10. İşə qəbul qaydaları və ümumiyyətlə işə qəbulla bağlı heç bir bilgi verilmir.
11. Sahə işçilərinin əmək haqları və onların formalaşması yolları barədə də heç bir bilgi yoxdur.
12. Vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul vaxtları haqqında heç bir bilgi yoxdur.
13. Tender və müsabiqələr barədə də heç bir bilgi yoxdur.
14. Eyni fikri qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də demək olar. Bununla bağlı heç bir bilgi verilmir.
15. Saytın texniki imkanlarına gəlincə isə onu əlavə edə bilərik ki , istifadəçilərin maraqlarına uyğun olaraq daha da təkmilləşdirilməsi faydalı olardı.