Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az domen ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi öncüllüyünü qoruyacağa bənzəyir. Əvvəlki variantda da yetərincə təkmil sayıla biləcək olmasına baxmayaraq saytın üzərində son zamanlar aparılan işlər onun daha funksional olmasına gətirib çıxarıb. Ümumi fikrimiz bundan ibarətdir ki, bu saytla bağlı elə də geniş tövsiyələr yazmağa ehtiyac yoxdur. Ancaq bəzi xırda da olsa çatışmazlıqları nəzərə alaraq aşağıda bir neçə tövsiyə irəli sürmək istərdik:
1. Qurumun özü haqqında bilgilərə ona daha öncə başçılıq etmiş şəxslər barədə ayrıca bilginin əlavə ediləməsinə gərək var.
2. Yaxşı olardı ki, saytda struktur bölmələrinin rəhbərləri barədə biografik bilgilər də verilsin.
3. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları barədə bilgiləri bir qədər də tamamlamaq vacibdir.
4. Boş iş yerləri və işə qəbul qaydaları barədə bilgiləri bir az da tamamlayıb mümkün komissiyalar və qurum daxilində ixtisas dəyişmə imkanları barədə bilgi verilsə yaxşı olar.
5. Sahə işçilərinin əmək haqları barədə də bilgi vermək yaxşı olardı.
6. Vətəndaşların qəbul qaydaları və qəbuldan imtinanın əsasları barədə bilgilərə ehtiyac var.
7. Tender və müsabiqələr barədə bilgilərə tenderlərin nəticələri haqqında, həmçinin bu sahədə ortaya çıxan mübahisələrin həlli qaydaları barədə bilgi əlavə etmək lazımdır.