Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet resursunda faydalı bilgilərin az olduğunu iddia etmək doğru olmazdı. Bununla belə saytın tam dolğun və təkmil olduğunu da demək mümkün deyil. Bir sıra bilgilər qısa və konkret şəkildə təqdim edilir. Ancaq tələb olunan başqa bilgilər yerli-dibli yoxdur. Beləliklə, saytda gördüklərimiz:
1. Qurumun özü ilə bağlı informasiya blokunda qurulduğu gündən hazırkı dövrə qədər ona başçılıq etmiş şəxslər barədə bilgi yoxdur. Daha doğrusu hazırkı icraçı direktor barədə dolayısı ilə bilgi tapmaq mümkündür.
2. Ümumi xarakterli əlaqə vasitələri göstərilir. Di gəl ki, ayrı-ayrı altbölüm və struktur bölmələri ilə əlaqə imkanları verilmir.
3. Fondun ünvanının sxemi və marşrut barədə də heç nə deyilmir.
4. Qurumun strukturunun sxemi verilsə də, onun ayrıntıları barədə hər hansı bilgi yoxdur.
5. Struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələri haqqında da heç nə deyilmir.
6. Çatışmayan bilgilər sırasında struktur bölmələri rəhbərlərinin biografik göstəriciləri də yer alır.
7. Qurumdaxili əmr və sərəncamlar barədə də ayrıca bilgilər verilməyib. Müvafiq olaraq onların reyestri də yoxdur.
8. Dövlət büdcəsinin quruma aid hissəsi barədə bilgilərin verilməsi təqdirəlayiq haldır. Bununla belə bu bilgilərin daha ayrıntılı bir şəkildə təqdim edilməsi işin xeyrinə olardı.
9. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgi verilməməsi də ciddi qüsurlar sırasındadır.
10. İşə qəbulla bağlı bölmədə mümkün komissiyalar və işə qəbulun nəticələri, həmçinin mübahisələrin həlli yolları barədə bilgi yoxdur.
11. Sahə işçilərinin əmək haqları barədə hər hansı bilgi verilmir.
12. Vətəndaşların qəbul qaydaları və qəbul vaxtları haqqında hər hansı bilginin verilməməsi də ciddi qüsurlardandır.
13. Tender və müsabiqələr barədə bilgi yoxluğu qüsurlardan daha biridir.
14. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgi verilmir.
15. Saytın texniki imkanları normal sayılsa da, abunə imkanının təklif edilməməsi yaxşı hal sayıla bilməz.