Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen ünvanlı İnternet resursu ən yeni resurslardan biridir. Çünki şura özü yeni qurulduğundan onun resursu da təbii olaraq yeni qurulub. Bununla belə o da qeyd olunmalıdır ki, şuranın İnternet resursu bir çox dövlət qurumlarının uyğun resurslarından müsbət mənada fərqlənir. Ancaq bu heç də o demək deyil ki, bu sayt tam mükəmməldir. Yəni saytda bir sıra çatışmazlıqlar vardır ki, bunu da aşağıdakı icmal mənzərəsindən açıq görmək olar:
1. Qurumun özü haqqında bilgilər yetərlidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün imkanlar da yetərli sayıla bilərdi. Ancaq burada qurumun ünvanının marşrut və sxeminin, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgilərin olmaması işi əngəlləyir.
3. Təəssüf ki, qurumun strukturu haqqında heç bir bilgi yoxdur.
4. Rəhbər və rəhbər işçilər barədə biografik bilgilər yetərli həddədir. Ancaq ayrı-ayrı struktur vahidləri ilə əlaqə imkanları göstərilmir.
5. Qurumun cari fəaliyyəti yaxşı işıqlandırılır. Bununla belə qurumdaxili əmr və sərəncamlar barədə, həmçinin onun həyata keçirdiyi layihə və proqramlar haqqında bilgi yoxdur.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsi barədə saytda bilgi yoxdur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgi verilir. Ancaq pullu xidmətlərin və mütləq pulsuz xidmətlərin siyahısı verilmir.
8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında heç bir bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də hər hansı bilgi yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı bilgilərdə qayda və normalar haqqında ümumi informasiya, həmçinin qəbuldan imtinanın əsasları haqqında bilgi çatışmır.
11. Tender və müsabiqələr bölməsi demək olar ki, boşdur. Bununla belə burada bir neçə elan yerləşdirilir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda yetərincə əks olunmur.
13. Saytın texniki imkanları yetərli olsa da burada abunə təklifi yoxdur.