Nazirlər Kabinetinin www.cabmin.gov.az domen adlı İnternet resursu olduqca zəif təsir bağışlayır. Bir neçə ildir ki, aparılan monitorinqlər zamanı aşkar edilən durum indiyədək demək olar ki dəyişməyib. Nazirlər Kabinetinin bu sahəyə məsul şəxsləri hələ də bu sahəyə yetərli diqqət yetirmirlər.
Misal üçün, saytda baş nazirin yalnız adı keçir. Halbuki onun və ən azından müavinlərinin biografiyaları “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə uyğun olaraq saytda yerləşdirilməlidir. Di gəl ki, sayt qurulduğu andan baş nazirin və müavinlərinin biografiyaları burada özünə yer tapa bilmir.
Kabinetin strukturu adlı bölmə olsa da orada struktur haqqında heç nə deyilmir. Sadəcə ayrı-ayrı nazirlik, komitə və başqa qurumların saytlarına keçidlər verilib. Nazirlər Kabinetinin tərkibi bölməsi haqqında da eyni fikirləri səsləndirmək olar. Sadəcə baş nazir, onun müavinləri və ayrı-ayrı nazirlərin adlarından ibarət olan bir siyahı tərkib adlandırıla bilməz.
İşin maraqlı tərəflərindən biri də odur ki, bu saytda bir dənə də olsun telefon nömrəsi verilməyib. Hətta mətbuat xidməti ilə əlaqə saxlamaq istənsə belə hansı nömrəyə zəng etməyi bilmək mümkün deyil. Düzdür, əks əlaqə üçün onlayn forma verilib. Ancaq onun varlığı yetərli sayıla bilməz.
Saytda ümumilikdə cəmi səkkiz keçid var ki, onlardan da biri – sənədlər işləmir. Yerdə qalanlar isə ümumi xarakterli məlumatlardan ibarətdir. Belə qənaətə gəlmək olar Nazirlər Kabinetinin saytı yenidən qurulmalı, müvafiq tələblərə uyğun şəklə salınmalıdır.