Bakı Şəhəri İcra Hakimiyyətinin www.bakucity.az domen ünvanlı İnternet resursu zəngin təsir bağışlasa da əslində orada olan bilgilərin hamısı tələb olunan səviyyədə deyil. Xüsusən də onu qeyd etmək lazımdır ki, saytda operativlik ümumiyyətlə hiss olunmur. Ən son xəbər monitoring aparılandan üç ay öncə qoyulub. Əlbəttə ki, indiki zamanda buna heç cür haqq qazandırmaq mümkün deyildir. Xüsusən də söhbətin İnternetdən getdiyini nəzərə alsaq. Ümumilikdə isə saytda aşağıdakı mənzərəni müşahidə edə bilərik:
1. Qurumun özü haqqında bilgilər demək olar ki, yetərli sayıla bilər. Burada çatışmayan yalnız ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərdir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün vasitələr təqdim edilib. Ancaq qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilgi yoxdur.
3. Qurumun strukturu və struktur vahidlərinin səlahiyyət çərçivələri barədə bilgi verilsə də strukturun sxemi yoxdur.
4. Rəhbər işçilər və struktur bölmələri rəhbərləri barədə
biografik bilgilər verilmir. Yalnız icra hakimiyyəti başçısının özü haqqında bu bilgilər var. Əks əlaqə imkanları isə yetərli sayıla bilər.
5. Qurumun cari fəaliyyəti demək olar ki, işıqlandırılmır. Buradakı ən yeni bilgi üç ay öncəsinə aiddir.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsi barədə heç bir bilgi yoxdur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da eyni şeyi demək olar.
8. Boş iş yerləri və işə qəbul qaydaları saytda əks olunmur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilmir.
10. Vətəndaşların qəbul qaydaları və qəbul vaxtları saytda əks olunsa da bu sahədə ortaya çıxacaq mübahisələrin həlli qaydaları barədə heç nə deyilmir.
11. Tender və müsabiqələr haqqında bilgi yoxdur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunmur.
13. Saytın texniki tərtibatı yaxşı olsa da burada abunə və onlayn yazışma forması yoxdur.