Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen ünvanlı İnternet resursu, gözləndiyi qədər də zəngin bir şeyə bənzəmir. Düzdür, qurumun fəaliyyəti ilə birbaşa bağlı olaraq tender haqqında elanların yerləşdirilməsi baxımından bu sayt digərlərindən seçilir. Ancaq onu da nəzərə almaq lazımdır ki, elə qurumun işi bundan ibarətdir və bu baxımdan tender elanlarının çoxluğu heç də ayrıca üstünlük hesab edilə bilməz. Ayrıntılara varmadan demək istərdik ki, saytda aşağıdakı durumu müşahidə etmək olar:
1. Qurumun özü haqqında bilgilər yetərli hesab edilə bilər. Burada yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi verilmir.
2. Qurumun ünvanı verilib. Ancaq ziyarətçilərin əks əlaqəsinin daha da uyğun bir hala gətirmək baxımından onun marşrut və sxemi barədə bilgi yoxdur. Bundan başqa telefon və faks nömrələri, e-poçt ünvanları baxımından sayt çox kasaddır.
3. Qurumun strukturu haqqında bilgi var. Ancaq bu bilgilər də yarımçıqdır. Ondan başqa struktur bölmələrinin səlahiyyət çərçivələri və dəqiq ünvanları haqqında da bilgi yoxdur.
4. Əsas rəhbər də daxil olmaqla rəhbər işçilər haqqında heç bir bilgi yoxdur. Üstəlik, onlarla birbaşa əks əlaqə imkanları da verilmir. Bununla belə qurumla əks əlaqə üçün ümumi imkan yarımçıq da olsa var hesab edilə bilər.
5. Qurumun cari fəaliyyəti çox zəif işıqlandırılır. Burada quruma aid informasiyalar verilsə də operativlik nəzərə çarpmır. Üstəlik onun icra etdiyi proqram və layihələr barədə də bilgi heç yoxdur.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun dövlət qurumuna aid hissəsinin ayrıntıları haqqında az da olsa bilgi verilir. Ancaq büdcənin icra durumu, dəyişikliklər barədə heç nə deyilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilər çox cüzidir.
8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında heç bir bilgi yoxdur.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı durum da eynidir.
10. Vətəndaşların qəbulu ilə bağlı bilgilər tam olmasa da verilib. Ancaq qəbuldan imtinanın əsasları və bu yöndə ortaya çıxan mübahisələrin həlli barədə bir şey deyilmir.
11. Nə qədər təəccüblü olsa da qurumun saytında onun özünə aid tender bilgiləri ayrıca təqdim edilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunmur.
13. Saytın texniki imkanları yetərli sayıla bilərdi. Ancaq burada abunə və onlayn yazışma forması gözə dəymir.