Monitorinqin icmal hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.din.gov.az domen ünvanlı İnternet resursunu ən iddialı adlandırmışdıq. Bu baxımdan saytın təkmilləşdirilməsi üçün elə də ciddi tövsiyələr irəli sürmək imkanları çox deyil. Lakin istənilən halda bu resursda da bəzi çatışmazlıqların olduğunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi qeyd edirik.
1. Qurumun özü haqqında bilgilər yetərli olduğundan hər hansı tövsiyə irəli sürməyə gərək duyulmur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin sytada yer alması yaxşı olardı.
3. Qurumun strukturu haqqında yetərli bilgilərlə yanaşı strukturun sxemini əlavə etmək yararlı olardı.
4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı lazım olan bütün bilgilər təqdim edildiyi üçün hər hansı tövsiyyəyə ehtiyac yoxdur.
5. Nazirliyin cari fəaliyyəti haqqında da yuxarıdakı fikri təkrarlamaq olar.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər və onların qiymətləri haqqında əlavə bilgi verilməsinə gərək duyulur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərdə işə qəbulun nəticələri haqqında bilgilərin yer alması da faydalı olardı.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ətraflı bilgilər yer aldığından hər hansı tövsiyələrə ehtiyac yoxdur.
11. Tender və yarışmalar haqqında bilgilərin ayrıca başlıq altında təqdim edilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətini ayrıca işıqlandırmaq gərəklidir.
13. Saytın texniki imkanlarının başqa saytlar üçün örnək ola biləcəyini deyə bilərik.