Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen ünvanlı İnternet resursunun işinin təkmilləşdirilməsi üçün deyəsən ayrı-ayrı bölmələr üzrə tövsiyələr də yetərli olan deyil. Çünki saytda ümumiyyətlə mövcud olmayan bilgilər çoxdur və bu baxımdan onların qiymətləndirilməsi üçün imkanlar da yoxdur. Bununla belə yenə də düşünürük ki, ümumi işin xeyri və insanların informasiya təminatını yaxşılaşdırmaq üçün aşağıda bəzi tövsiyələrimizə yer verək. Beləliklə, bəndlər üzrə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurumun haqqında gərəkli məlumatlar yetərli olduğundan hər hansı tövsiyə irəli sürməyə gərək duyulmur.
2. Qurumun yerləşdiyi ünvan və ümumi xarakterli əlaqə vasitələrinin (telefon və e-poçt ünvanı) təqdim edilməsi yetərli deyildir. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Yaxşı olardı ki, qurumun strukturu haqqında mümkün olan qədər ayrıntılı bilgi verilsin.
4. Rəhbər işçilərə daxil olan şəxslərin hamısı haqqında biografik bilgilər və onlarla əks əlaqə saxlamaq üçün ayrıca imkanların da təklif edilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər demək olar ki, yoxdur. Yaxşı olardı ki, bu sahəyə aid bilgilər ən azı gündəlik əsaslarla təqdim edilsin.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında ümumi və ayrıntılı bilgilər saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən istər ödənişsiz mütləq, istərsə də ödənişli əlavə xidmətlər haqqında məlumat verilməsinə gərək duyulur.
8. Boş iş yerləri və işə qəbul qaydaları ilə bağlı məlumatların verilməsi də gərəklidir.
9. Ən azından nazir, onun müavinləri və əsas struktur bölmələri rəhbərlərinin aldıqları məbləğ haqqında bilgi daxil edilməsi gərəklidir.
10. Vətəndaşların qəbulu üçün nazir də daxil olmaqla vəzifəli şəxslərin qəbul günləri və saatları, həmçinin qəbulun qaydaları, qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları barədə məlumatların verilməsinə ehtiyac duyulur.
11. Tender və yarışmalar haqqında məlumatların saytda təqdim edilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı məlumatların verilməsi zəruridir.
13. Saytın texniki imkanları yaxşı olsa da abunə və onlayn müraciət imkanlarının da əlavə edilməsinə gərək var.
Bu bölmələrə aid olmasa da nazirliyin www.mtn.gov.az domen ünvanını da fəaliyyətə keçirmək yaxşı olardı. Çünki hazırkı domen adı (www.mns.gov.az) yalnız ingiliscədir və ingilis dili bilməyən vətəndaşlarımız onu tapmaqda çətinlik çəkə bilər.