Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen ünvanındakı İnternet resursu üzərində uzun zamandır hər hansı iş aparılmadığını demək mümkündür. Ən azından ona görə ki, buradakı ən son xəbər 06 iyul 2009-cu ilə aiddir. Təbii ki, bir ildən artıq müddət ərzində xəbərləri yenilənməyən saytı qiymətləndirmək elə də asan olmasın gərək. Bununla belə saytda faydalı və dolğun sayıla biləcək bilgilərin də yer aldığını demək mümkündür. Aşağıda hər bir göstərici üzrə durumu ayrıca təqdim edirik.
1. Qurum haqqında məlumat yetərincədir və bütün bəndlər üzrə bilgilər ən yüksək səviyyədə hesab edilə bilər.
2. Qurumun yerləşdiyi ünvan, ümumi xarakterli əlaqə vasitələri (telefon və e-poçt ünvanı) təqdim edilir. Ancaq quruma gəlmək üçün marşrut, ictimai nəqliyyat vasitələri və yerləşdiyi yerin sxemi haqqında heç bir məlumat verilmir.
3. Qurumun strukturu haqqında heç bir məlumat verilmir.
4. Rəhbər işçilərdən yalnız milli təhlükəsizlik naziri haqqında məlumat verilir. Ancaq heç bir vəzifəli şəxs barədə bilgi və nazirlə birbaşa əks əlaqə imkanları təklif edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər yox deyiləcək həddədir. Çünki ictimai əlaqələr mərkəzinin ən son məlumatı 06 iyul 2009-cu ilə aiddir ki, bu da cari deyil, artıq arxiv bilgisi sayıla bilər.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi haqqında heç bir bilgi verilmədiyi üçün onun icrası barədə də hər hansı bir məlumat verilmir.
7. Qurumun sayt ziyarətçilərinə hansı xidmətləri təklif etməsi barədə hər hansı bir məlumat resursda yer almayıb.
8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında hər hansı bir məlumat verilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Qurumda hər hansı bir vəzifəli şəxsin qəbuluna düşmək üçün heç bir məlumat yoxdur.
11. Tender və yarışmalar haqqında da hər hansı bir məlumat verilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da məlumatlar saytda öz əksini tapmayıb.
13. Yuxarıdakı mövcud bilgilərə giriş imkanları yaxşıdır. Ancaq abunə və onlayn müraciət imkanları haqqında bunu deyə bilmərik. Əslində belə xidmətlər təklif edilmir.