Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az ünvanındakı İnternet resursu, icmal hissədə dediyimiz kimi, çevik olması baxımından diqqəti cəlb edir. Bununla belə saytda xeyli sayda çatışmayan bilgilər də var ki, onların həlli üçün aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırmaq istərdik. Yalnız bir şeyi qeyd etmək istərdik ki, saytın təminatından hiss edilir ki, onun təkmilləşdirilməsi üçün imkanlar yox deyil. Bu baxımdan arzi edərdik ki, tövsiyələrimiz nəzərə alınaraq və “İnformasiya əldə etmək haqqında” qanunun tələbləri yerinə yetirilərək sayt təkmilləşdirilsin.
1. Qurum haqqında bilgilərdə zənginlik olsa da, qurulduğu gündən bu vaxtadək olan bütün rəhbərlər haqqında bilgi verilməsi faydalı olardı.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün nazirliyin ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə məlumat verilməsi zəruridir.
3. Qurumun strukturu haqqında yetərli sayılacaq bilgilər yer aldığı üçün hər hansı bir tövsiyəyə ehtiyac yoxdur.
4. Yaxşı olardı ki, rəhbər və rəhbər işçilər haqqında bioqrafik bilgilərə nazir və onun müavinləri ilə bərabər ayrı-ayrı struktur vahidlərinin rəhbərləri barədə də bilgilər əlavə edilsin.
5. Qurumun cari fəaliyyəti yetərincə çevik işıqlandırıldığı üçün bu sahəylə bağlı da tövsiyələrə ehtiyac yoxdur.
6. Müvafiq qanunun tələblərini nəzərə alaraq, yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər haqqında bilgiləri də yetərli saymaq olar və əlavə tövsiyəyə gərək yoxdur.
8. İşə qəbul qaydaları haqqında bilgilərə cari işə qəbul, boş iş yerləri, qurum daxilində ixtisasartırma imkanları, bu sahədə ortaya çıxan mübahisələrin həlli yolları və işə qəbulun sonucları barədə bilgilərin də təqdim edilməsinə gərək duyulur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ətraflı bilgilər yer aldığından hər hansı tövsiyələrə ehtiyac yoxdur.
11. Qurumun həyata keçirdiyi tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi lazımlıdır.
12. Yaxşı olardı ki, nazirliyin norma və qanun yaratma fəaliyyəti haqqında bilgilər ayrıca və nəzərə çarpacaq şəkildə təqdim edilsin.
13. Saytın texniki imkanları sırasına abunə təklifini də əlavə etmək lazımdır.