Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az domen ünvanlı İnternet resursunda bir xeyli faydalı bilgi tapmaq mümkündür. Xüsusən də hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı gərəkli sənədlər, notariat məsələləri, qurumun cari fəaliyyəti saytda yaxşı işıqlandırılır. Əlbəttə ki, ümumi mənzərə ondan ibarətdir ki, bu saytın üzərində gündəlik iş aparılır və aparılan iş müsbət dəyərləndirilməlidir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə nazirliyin saytında bir çox çatışmayan vacib informasiyalar haqqında danışmaq mümkündür ki, bu haqda aşağıda bölmələr üzrə söz açmaq fikrindəyik.
1. Qurum haqqında bilgilərin yüksək səviyyədə olduqunu demek olar. Ancaq çatışmayan bir məqam, qurulduğu gündən bu zamana qədər olan dövrdə quruma başçılıq edən şəxslər barədə məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün onlayn forma, e-poçt ünvanı, telefon və faks nömrələri, yer ünvanı təqdim edilir. Ancaq qurumun ünvanının marşrut və sxemi, başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturu həm sxem olaraq, həm də təsvirlə yetərli sayılacaq şəkildə təqdim edilir.
4. Rəhbər və rəhbər işçilər haqqında bioqrafik bilgilər tam təqdim edilmir. Yalnız nazir və onun müavinləri haqqında bioqrafik bilgilər təqdim edilir. Əks əlaqə üçün isə, bütün gərəkli şəxslərlə belə imkanlar yetərincə təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər çevik və yetərli sayıla biləcək şəkildə təqdim edilir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bir məlumat verilmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər və onların qiymətləri haqqında yetərli sayıla biləcək qədər məlumat verilir.
8. Qurumda işə qəbul qaydaları haqqında məlumat verilir. Ancaq cari işə qəbul və ya boş iş yerləri haqqında heç bir məlumat yoxdur.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı məlumatlar ətraflı şəkildə təqdim edilir.
11. Tender və yarışmalar haqqında heç bir məlumat verilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgiləri tapmaq mümkün deyildir.
13. Saytın texniki imkanları yetərli olsa da abunə imkanı təklif edilmir.