Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen ünvanlı İnternet saytında durum o qədər aşağı səviyyəlidir ki, faktiki burada müşahidə etmək üçün ciddi informasiya tapmaq mümkün deyil. Müşahidə apardığımız 67 bənd üzrə bu resursdan yalnız 13-nə uyğun sayıla biləcək informasiya tapa bildik ki, onlardan böyük əksəriyyəti ən aşağı qiymətə layiq bilindi. Bu baxımdan belə qənaətə gəlmək olar ki, bu qurumun İnternet saytı kökündən dəyişdirilməli, çağdaş texnoloji tələblərə cavab verən yeni resurs qurulmalıdır. Yəni ayrı-ayrı bölmələr üzrə hər hansı tövsiyə hesabına bu saytı təkmilləşdirmək imkanları yoxdur. Ona görə də ümumi olaraq belə tövsiyə edərdik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni İnternet resursu qurularsa problemi kökündən həll etmək mümkün olar.