Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen ünvanlı İnternet resursu uzun müddətdir ki, baxımsız qalmışa bənzəyir. Çünki istər texniki imkanları, istərsə də məzmun təminatı baxımından bu resurs olduqca ilkəl (primitiv) təsir bağışlayır. Hətta saytda nazirliyə aid olduğu güman edilən bir e-poçt ünvanı belə yoxdur! Ümumiyyətlə isə sayt çox kasaddır. Mövcud informasiyaları da olduqca köhnədir. Hiss olunur ki, qurumun mətbuat xidməti ya yoxdur, ya da varsa da yox kimi bir şeydir. Çünki saytda çevik xəbər təşəbbüsləri heç gözə dəymir. Ümumilikdə isə saytda bir çox bölmələr üzrə yerli-dibli bilgi yoxdur.
1. Qurum haqqında bilgilər yetərli sayılacaq səviyyədə deyil.
2. Ziyarətçilərin əks əlaqəsi üçün yalnız ümumi xarakterli bir telefon, bir faks nömrəsi və yer ünvanı verilir.
3. Qurumun strukturu haqqında yalnız sözlü bilgi verilir.
4. Rəhbər və rəhbər işçilər haqqında nazirin bioqrafiyasından başqa heç bir bilgi yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında faktiki heç bir informasiya verilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı da hər hansı bir məlumat verilmir.
7. Qurumun təklif etdiyi xidmətlərin tarifləri təklif edilsə də onların yenilənməyə ciddi ehtiyacı var.
8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında hər hansı bir məlumat verilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı da vəziyyət eynidir.
10. Vətəndaşların qəbul şərtləri ilə bağlı hər hansı bir məlumat verilmir.
11. Tender və yarışmalar haqqında heç bir məlumat rast gəlinmədi.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgiləri tapmaq mümkün deyildir.
13. Saytın texniki imkanları nəinki zəifdir, ümumiyyətlə hazırkı tələblərə cavab vermir.