Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen ünvanlı İnternet saytı haqqında, icmalda da dediyimiz kimi, yüksək fikir söyləmək çətindir. Çünki sayt dövrün tələblərinin xeyli arxasında qalır və ciddi təkmilləşdirilməyə ehtiyacı var. Bir çox bölmələr üzrə informasiya ümumiyyətlə yoxdur. Olan informasiyalari isə ya yarımçıqdır, ya da sadəcə olaraq istifadəyə yararlı sayıla bilməz. Ona görə də aşağıda saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurumun özü ilə bağlı informasiyalarda bu vaxta qədər ona başçılıq edən şəxslər haqqında bilgi verilməsi də zəruridir.
2. Ziyarətçilərin əks əlaqəsini yaxşılaşdırmaq baxımından, bura gəlmək üçün ictimai nəqliyyat vasitələri haqqında, həmçinin qurumun ünvanının marşrut və sxemi barədə bilgi verilməsi vacibdir.
3. Qurumun struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələri haqqında bilgilərin də təqdim edilməsi zəruridir.
4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı bilgilərə nazirin digər müavininin, həmçinin ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin bioqrafiyalarının əlavə edilməsi yaxşı olardı.
5. Quruma aid cari informasiyalardakı çeviklik qüsurunun aradan qaldırılması, həmçinin qurumdaxili əmr və sərəncamlar haqqında bilgi verilməsi, onların reyestrinin dərc edilməsi lazımlıdır.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgi təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar yetəli hesab edildiyindən onlarla bağlı tövsiyəyə gərək yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı informasiyaların verilməsi gərəklidir.
9. Eyni fikri sahə işçilərinin əmək haqları barədə də demək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında olan informasiyalara qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında bilgilərin əlavə edilməsinə ehtiyac var. Həmçinin bu bölməyə aid informasiyalar ayrıca göstərilməlidir.
11. Tender və yarışmalar haqqında bilgilərin verilməsi mütləqdir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı məlumatların verilməsi zəruridir.
13. Saytın texniki imkanları normal sayılsa da təkmilləşdirilməsi də vacibdir. Həmçinin abunə imkanının təqdim edilməsinə ehtiyac var.