Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az domen adlı İnternet resursu, icmal hissədə dediyimiz kimi artıq mövcuddur. Əvvəlki müşahidələrimiz zamanı bu qurumun İnternet resursunun sadəcə olmadığı haqqında bilgi verməklə yetinməli olurduq. İndi mövcud olan resursda xeyli faydalı informasiya toplanıb. Xüsusən də nazirliyin fəaliyyət istiqamətlərinə aid ən vacib bilgilər saytda yer alıb. Lakin istənilən halda bu resursda da bəzi çatışmazlıqların olduğunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi qeyd edirik.
1. Qurumun özü haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər haqqında bilgilər də əlavə edilməlidir. Düzdür, nazirlik yeni qurulub. Ancaq burada həmin sahəyə başçılıq etmiş şəxslər barədə bilgiləri vermək olar. Həm də hazırkı nazir haqqında bioqrafik bilgiləri dolğun şəkildə təqdim etmək gərəkdir.
2. Əks əlaqə imkanlarını mükəmməl şəkildə təqdim etmək üçün buraya ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin e-poçt ünvanlarını, həmçinin qurumun yerləşdiyi ünvanın marşrut və sxemini, oraya gəlmək üçün ictimai nəqliyyat haqqında bilgiləri əlavə etmək lazımdır.
3. Qurumun strukturu haqqında yetərli bilgi verildiyi üçün elə də ciddi təkmilləşdirməyə gərək duyulmur.
4. Rəhbər və onun müavinləri haqqındakı bioqrafik bilgilərin dolğunlaşdırılması və struktur bölmələrinin rəhbərləri ilə bağlı da bioqrafik bilgilərin verilməsi yaxşı olardı. Əks əlaqənin isə daha tam şəkildə təqdim edilməsinə ehtiyac var.
5. Qurumun cari fəaliyyəti yetərli şəkildə işıqlandırılmaqla bərabər qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgilərin də əlavə edilməsi tövsiyə olunandır.
6. Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
7. Əgər qurum tərəfindən əlavə pullu xidmətlər təklif edilirsə bu haqqda bilginin verilməsi gərəkdir. Əgər ki, belə xidmətlər təqdim edilmirsə onun olmadığı haqqında bilgi verilməlidir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsinə ehtiyac var.
9. Sahə işçilərinin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərə qəbul qaydaları, qəbuldan imtinanın əsasları və yaranan mübahisələrin həlli yolları haqqında da bilgilərin əlavə edilməsi lazımlıdır.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılmasına ehtiyac var.
13. Saytın texniki imkanları normal sayılsa da burada abunə imkanı təklif edilməsinə gərək var.