Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin www.dtxk.gov.az domen adlı İnternet resursu sadə və funksionaldır. Saytda gərəkli informasiyalar yetərli qədərdir. Həm də informasiyalardan istifadə rahatlığı var. Bununla belə saytın ümumi informasiya dolğunluğu yetərli deyildir. Bir sıra bölmələr üzrə informasiyalar ümumiyyətlə yoxdur. Yaxud da bölməyə aid edilə biləcək informasiyalar olsa da onlar tam deyildir. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər demək olar ki, tamdır. Burada çatışmayan yalnız ona daha öncə başçılıq etmiş şəxslər haqqında bilgilərdir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün yer və e-poçt ünvanları, həmçinin telefon və faks nömrələri verilib. Ancaq qurumun ünvanının marşrut və sxemi, həmçinin ora getmək üçün ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturu sözlü olaraq təqdim edilir. Ancaq sxem və struktur bölmələrinin səlahiyyətləri haqqında bilgi verilmir. Həm də onların ünvanları haqqında bilgilər bir qədər qarışıq şəkildə təqdim edilir.
4. Qurumun rəhbəri və onun bir müavininin bioqrafik bilgiləri təqdim edilir. Struktur bölmələri rəhbərləri haqqında isə bu cür bilgilər yoxdur. Əks əlaqə üçün ümumi imkanlar normal olsa da qurumun rəhbəri ilə birbaşa əlaqə imkanları haqqında heç bir bilgi verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər mütəmadi olaraq təqdim edilmir. Misal üçün, ən son xəbər 2011-ci il 19 yanvara aiddir. Halbuki hazırda tarix 28 yanvar 2011-ci ili göstərir. Bundan başqa qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında da bilgi yoxdur. Qurumun icra etdiyi proqram və layihələr haqqında bilgilər isə olduqca kasaddır (yox deyiləcək qədər).
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi verilib. Ancaq bu bilgilər yetərli sayılacaq qədər deyil. Misal üçün, qurumun təklif etdiyi pullu xidmətlərin qiymətlərinin formalaşma yolları haqqında bilgi təqdim edilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərə aid ediləcək heç bir bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı vətəndaşların qəbul günləri və saatları haqqında bilgi verilir. Qəbulun ümumi qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında isə bilgi təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilər də saytda öz əksini tapmayıb.
13. Saytın texniki imkanları normaldır. Yalnız abunə imkanı təklifi yoxdur.