Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az domen adlı İnternet saytı zamanın arxasında qalır desək yanılmarıq. Xüsusi operativliyi və interaktivliyi ilə seçilməyən saytda bir çox bölmələr üzrə informasiyanın yerli-dibli olmaması onun təkmilləşdirilməsi üçün təkliflərin verilməsini də mümkünsüz edir. Ancaq bəzi bölmələr üzrə informasiyaların olduğunu nəzərə alaraq aşağıda onlarla bağlı tövsiyələrimizi dilə gətirəcəyik.
1. Qurum haqqında bilgilər sırasına ona daha öncə rəhbərlik edən şəxslər haqqında bilgilərin də əlavə edilməsi gərəklidir.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün ayrı-ayrı xidmət və bölmələrin əlaqə vasitələri haqqında, həmçinin buraya gəlmək üçün ictimai nəqliyyat, qurumun yerləşdiyi ünvanın marşrut və sxemi barədə də bilgi təqdim edilməsinə ehtiyac duyulur.
3. Qurumun strukturunu sxem olaraq təqdim etmək lazımdır. Həmçinin onların rəhbərləri ilə əlaqə vasitələri, struktur bölmələrinin yerləşdiyi ünvan və səlahiyyət çərçivələri haqqında bilgi verilməsi zəruridir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgiləri mütləq şəkildə sayta əlavə etmək lazımdır. Həmçinin onlarla birbaşa əlaqə vasitələrini də.
5. Qurumunun cari fəaliyyəti haqqında informasiyalar məsələsində sayt çeviklik nümayiş etdirməlidir. Qurumdaxili əmr və sərəncamlar, onların reyestri barədə bilgilərin təqdim edilməsi zəruridir. Qurumun icra etdiyi proqram və layihələr haqqında da ayrıca bilgi verilməsini tövsiyə edərdik.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyaların saytda öz əksini tapması mühüm məsələdir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması faydalı olardı.
9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilməsi yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında informasiyaların yerləşdirilməsinə ehtiyac duyulur.
11. Qurumun həyata keçirdiyi tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi lazımlıdır.
12. Qurumun norma (qanun)yaratma fəaliyyətinin işıqlandırılması gərəklidir.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.