Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin www.azstat.org domen adlı İnternet resursu sahəylə bağlı informasiyalar baxımından zəngin sayıla bilsə də burada qurumun özünə aid edilə biləcək bilgilər çox azdır. Hətta qurumun yerləşdiyi ünvan haqqında belə bilgi verilmir. Üstəlik saytın funksionallığı da ürəkaçan deyil. Ümumi mənzərə ondan ibarətdir ki, bu sayt sahəyə aid informasiyaları yetərincə təqdim etsə də qurum haqqında gərəkli bilgiləri eyni şəkildə təqdim etmir. Saytın durumu aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər üzrə çatışmayan informasiya ona daha öncə başçılıq etmiş şəxslər haqqındadır.
2. Ziyarətçilərin əks əlaqəsi üçün saytda qurumun yer ünvanına rast gəlmək mümkün deyil. Ümumiyyətlə isə əks əlaqə üçün ümumi sayıla biləcək tək bir e-poçt ünvanından başqa heç bir vasitə göstərilməyib. Bununla belə vəzifəli şəxslərin ayrı-ayrılıqda telefon və faks nömrələri, e-poçt ünvanları verilib. Ancaq qurumun marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi yoxdur.
3. Qurumun struktur vahidləri sxematik olaraq göstərilir və struktur vahidlərinin rəhbərləri ilə əlaqə üçün vasitələr təqdim edilir. Ancaq struktur vahidlərinin ünvanları və səlahiyyət çərçivələri haqda bilgi verilmir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tamdır. Eyni zamanda onlarla əlaqə üçün telefon və faks nömrələri, e-poçt ünvanları da verilib.
5. Cari informasiyalar məsələsində sayt elə də diqqəti cəlb etmir. Hiss olunur ki, gündəlik informasiya yayımı yoxdur. İnformasiyalar öncədən planlaşdırılmış şəkildə bəlli aralarla verilir. Bununla belə quruma aid informasiyalar az deyil. Yalnız qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında bilgilər təqdim edilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər yetərli sayıla biləcək qədərdir. Yalnız pullu xidmətlər və onlardan istifadə üsulları haqqında bilgi təqdim edilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında köhnə elanlar verilib. Ancaq yeni boş iş yerləri, işə qəbulun nəticələri və mübahisələrin həlli haqqında bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgiyə rast gəlinmir.
10. Vətəndaşların qəbulu ilə bağlı vətəndaşların qəbul günləri və saatları haqqında bilgi verilir.
11. Tender və yarışmalar haqqında da eyni sözləri söyləmək mümkündür.
12. Daha bir çatışmayan informasiya qurumun norma (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları elə də yüksək dəyərləndirilə bilməz. Sayt yetərincə funksional deyil. Həm də abunə və onlayn müraciət imkanı yoxdur.