Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet saytı elə də ciddi şəkildə diqqəti cəlb etmir. Saytda bir sıra gərəkli bilgilər olsa da əsas və vacib sayıla biləcək bir çox bilgilər heç yoxdur. Olan bilgilərin də tamlığına ciddi ehtiyac duyulur. Yəni bu bilgilər ya yetərli deyil, ya da uyğun şəkildə təqdim edilmir. Bununla belə saytın təkmilləşdirilməsi və dolğunlaşdırılması üçün imkanlar var. Ona görə də aşağıda bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilər bölməsində ona hazırda başçılıq edən rəhbər haqqında bilgilərin oxunmasını yaxşılaşdırmaq və daha öncəki rəhbərlər haqqında bilgi vermək gərəklidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ayrı-ayrı struktur bölmələri ilə əlaqə imkanları da təklif edilməlidir. Burada təqdim edilməsi vacib olan daha bir bilgi quruma gəlmək üçün ictimai nəqliyyat haqqında informasiyadır.
3. Qurumun struktur vahidləri haqqında sxemi tam və anlaşıqlı şəkildə təqdim etmək lazımdır. Həmçinin struktur bölmələri və regional qollar, onların ünvanları, rəhbərləri, səlahiyyət çərçivələri barədə bilgi verilməsi zəruridir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilərin həmçinin əks əlaqə üçün xüsusi imkanların təklif edilməsi zəruridir.
5. Cari informasiyaları ən azı gündəlik əsaslarla təqdim etmək lazımdır. Həm də qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgi verilməsi faydalı olardı.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında informasiyalar saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər isə təqdim edilməsi gərəkli olan informasiyalardandır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunandır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da eyni sözləri demək olar.
11. Yaxşı olardı ki, tender və yarışmalar haqqında bilgilər saytda əks olunsun.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətini işıqlandırmaq gərəklidir.
13. Saytın texniki imkanları ciddi şəkildə təkmilləşdirilməlidir. Çağdaş texnologiyalar səviyyəsində tərtib edilməli həmçinin abunə imkanı da əks olunmalıdır.