Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az domen adlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, funksionallıq baxımından yetərli səviyyədədir. Yalnız bəzi vacib bölmələr üzrə informasiyalar çatışmır. Elə bölmələr var ki, onlara aid hər hansı bilgi verilmir. Elə bölmələr də var ki, onların tərkibi yetərli deyil. Bununla belə saytın işini təkmilləşdirmə imkanları yüksək səviyyədədir. Aşağıda təkmilləşdirmə ilə bağlı bəzi tövsiyələrimizi təklif edirik.
1. Qurum haqqında bilgilər bölməsində ona daha öncə başçılıq etmiş şəxslər barədə də bilgi verilməsi gərəklidir.
2. Ziyarətçilərin əks əlaqəsini daha da asanlaşdırmaq üçün ayrı-ayrı struktur vahidləri ilə birbaşa əlaqə vasitələri haqqında bilgi verilməsi gərəklidir. Həm də qurumun marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat vasitələri haqqında bilgilərin də təqdim edilməsi faydalı olardı.
3. Qurumun struktur vahidləri haqqında informasiyalar gərəklidir və təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı əlavə edilməsi gərəkli olan informasiya digər rəhbər işçilər haqqında bioqrafik bilgilərdir. Həm də rəhbər işçilərlə birbaşa əlaqə imkanları haqqında bilgi vermək lazımdır.
5. Cari informasiyalar məsələsində çevikliyi artırmağa gərək var. Qurumdaxili əmr və qərarlar, onların reyestri və qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi verilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurum tərəfindən təklif edilən digər xidmətlərdə olduğu kimi pullu xidmətlər barədə də bilgi verilməsi yaxşı olardı.
8. Boş iş yerləri haqqında daha yeni elanlar, işə qəbulun nəticələri, mübahisələrin həlli və mümkün komissiyalar haqqında bilgilərin də verilməsi tövsiyə olunur.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə məlumatlar əks olunsun.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qəbul qaydaları, qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları barədə də bilgi vermək lazımdır.
11. Tender və müsabiqələrin keçirilmə qaydaları, bu cür fəaliyyətin sonucları, mübahisələrin həlli yolları haqqında da bilgi verilməsi gərəklidir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin saytda öz əksini tapması faydalı olardı.
13. Saytın texniki imkanları sırasına abunə imkanı da əlavə etmək lazımdır.