Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen adlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, özünün funksionallığı və bilgi bolluğu baxımından ciddi şəkildə fərqlənir. Bununla belə saytın bəzi çatışmazlıqları da yox deyil. Ona görə də aşağıda saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurumla əlaqə imkanları haqqa bütün bilgilər tam və olduğu üçün hər hansı tövsiyəyə gərək qalmır.
3. Qurumun strukturu haqqında bilgilərə struktur vahidlərinin səlahiyyət çərçivələri haqqında informasiyaların əlavə edilməsi gərəklidir.
4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı lazım olan bütün bilgilər təqdim edildiyi üçün əlavə təkmilləşməyə gərək yoxdur.
5. Yaxşı olardı ki, qurumun cari fəaliyyəti haqqında informasiyalara həm də qurumdaxili əmr və sərəncamlar, onların reyestri əlavə edilsin.
6. Ümumi dövlət büdcəsinin həm də rəqəmlə ifadəsi əks olunmalıdır. Bundan başqa büdcənin quruma aid hissəsinin təhlili informasiyası verilməlidir. Eyni zamanda büdcənin icrası zamanı edilən dəyişikliklər, ən azı rüblük hesabatlar da təqdim edilməlidir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiya üzrə yalnız onu demək mümkündür ki, xidmətlərin e-variantının təkmilləşdirilməsinə gərək var. Misal üçün, rüblük və illik hesabatların onlayn rejimdə təqdim edilməsi üçün imkanların yaradılması faydalı olardı.
8. Boş iş yerləri və işə qəbulla bağlı mövcud boş iş yerləri haqqında ən yeni elanların təqdim edilməsinə gərək duyulur. Həm də sahə daxilində ixtisas artırma və ya dəyişmə imkanları barədə bilginin, işə qəbulun sonucları və mübahisələrin həlli yolları barədə informasiyanın təqdim edilməsi yaxşı olardı.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə informasiyalara həm də qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında bilgilərin əlavə edilməsi gərəkdir.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərə də eyni sözləri şamil etmə olar.
13. Saytın texniki imkanları çox yüksək səviyyədə olduğu üçün əlavə təkmilləşməyə gərək yoxdur.