Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet saytının imkanları heç də zamanın tələblərinə cavab verəcək qədər deyil. İcmalda da qeyd etdiyimiz kimi sayt yetərincə funksional və çevik deyil. Ona görə də bu saytın texniki imkanları da daxil olmaqla onun təkmilləşdirilməsi zərurəti vardır. Aşağıda təkmilləşdirmə üçün bəzi tövsiyələrimizi təqdim edirik.
1. Qurum haqqında bilgilərə ona daha öncə başçılıq etmiş şəxslər barədə bilginin də əlavə edilməsi gərəklidir.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün onun marşrut və sxemini, ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgiləri sayta əks etdirmək faydalı olardı.
3. Qurumun strukturunun sxemini də sayta əlavə etmək lazımdır. Həm də qurumun alt bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgi verilməsi gərəkdir.
4. Yaxşı olardı ki, qurumun rəhbər və digər rəhbər işçiləri haqqında bioqrafik bilgilər də saytda əks etdirilsin.
5. Cari informasiyalar məsələsində saytın daha çevik olmasına gərək var. Həm də qurumdaxili əmr və sərəncamlar haqqında bilgi verilməlidir. Təbii ki, onların reyestri və qurumun icra etdiyi proqram və layihələr haqqında bilgi ilə bərabər.
6. Büdcə ilə bağlı məsələlər haqqında informasiyaların saytda yer alması tövsiyə edilir.
7. Qurumun təklif etdiyi xidmətlər və onlardan istifadə yolları haqqında bilgilərin tam və dolğun şəkildə təqdim edilməsinə ehtiyac var. Bundan başqa təklif edilən pullu xidmətlər və onlardan istifadə yolları barədə də bilgi vermək gərəklidir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər isə təqdim edilməsi gərəkli olan informasiyalardandır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin .pdf formatında deyil, açıq təqdim edilməsi daha da məqsədə uyğun olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında informasiyalara qəbul qaydaları, qəbuldan imtinanın əsasları, mübahisələrin həlli yolları haqqında bilgilərin də əlavə edilməsi faydalı olardı.
11. Yaxşı olardı ki, tender və yarışmalar haqqında bilgilər saytda əks olunsun.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılması tövsiyə olunur.
13. Saytın texniki imkanlarını daha uyğun hala gətirmək, buraya bir də abunə imkanı əlavə etmək lazımdır.