Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet resursu özünün texniki imkanları və funksionallığı baxımından elə də ciddi fərqlənmir. Saytdakı bir sıra informasiya .pdf formatında təqdim edilir ki, bu da ziyarətçilər üçün əlavə problem deməkdir. Bundan başqa, saytın çevikliyi də nəzərə çarpmır. Başqa bölmələr üzrə təqdim edilən bilgilər də bir çox hallarda tam deyil. Ümumiyyətlə isə saytın durumu aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər yetərli hesab edilə bilər. Saytda həm onun qurulması, həm səlahiyyət çərçivəsi, həm də qanunverici bazası haqqında bilgi var. Yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yer və e-poçt ünvanları, telefon və faks nömrələri təqdim edilib. Bununla belə onun yerləşdiyi yerin marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi təqdim edilmir.
3. Qurumun struktur vahidləri haqqında sözlü bilgi verilsə də sxem təqdim edilmir. Alt bölmələri haqqında da bilgilər təqdim edilir. Lakin onların ünvanları və səlahiyyət çərçivələri barədə bilgi yoxdur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər yoxdur. Bununla belə qurumla ümumi əks əlaqə imkanları yetərli sayıla bilər. Yalnız qurumun rəhbəri ilə əks əlaqə imkanını tam da yetərli saymaq olmaz.
5. Cari informasiyalar məsələsində sayt elə də ciddi fərqlənmir. Yəni saytda ən yeni xəbərlər gözə dəymir. Həm də qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında bilgi təqdim edilmir. Olmayan informasiyalardan biri də qurumun icra etdiyi proqram və layihələr haqqında bilgidir.
6. Daha bir çatışmayan informasiya ümumi dövlət büdcəsi ilə bağlıdır.
7. Qurumun təklif etdiyi xidmətlər və onlardan istifadə yolları haqqında bilgilər verilsə də yetərli sayılacaq qədər deyil. Bundan başqa təklif edilən pullu xidmətlər və onlardan istifadə yolları barədə bilgilər də verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər isə təəssüf ki, saytda öz əksini tapmayıb.
9. Sahə işçilərinin əmək haqları bölməsində rəhbər vəzifəli şəxslərin əmək haqları barədə bilgilər öz əksini tapıb.
10. Vətəndaşların qəbulu şərtləri və qəbul günləri (saatları) barədə yalnız qəbul günləri və saatları haqqında bilgi var. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları, mübahisələrin həlli yolları haqqında bilgilər isə yoxdur.
11. Tender və yarışmalar haqqında isə heç bir bilgi təqdim edilmir.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları elə də yüksək dəyərləndirilə bilməz. Düzdür, onlayn müraciət forması var, ancaq abunə imkanı təklif edilmir.