Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi, heç də özünün texnoloji imkanları və funksionallığı ilə seçilmir. Həm də saytın bir sıra bölmələri üzrə bilgilər ümumiyyətlə yoxdur. Üstəlik mövcud bilgilər də yetərli deyil. Bütün bunlarla bərabər saytın təkmilləşdirilməsi imkanları da yox deyil. Ona görə də aşağıda bu istiqamətdə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər haqqında bilginin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini təkmilləşdirməkdən ötrü quruma gəlmək üçün ictimai nəqliyyat haqqında, onun marşrut və sxemi barədə bilgi təqdim edilməlidir.
3. Qurumun strukturunun sxemi də təqdim edilməlidir. Əlavə olaraq struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqqında bilgi verilməlidir.
4. Bütün rəhbər işçilər haqqında bioqrafik bilgilərin təqdim edilməsinə ehtiyac var.
5. Mütləq qurumun cari fəaliyyəti haqqında bilgilər saytda öz əksini tapmalıdır. Burada həm də qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun icra etdiyi proqram və layihələr barədə bilgi verilməsi zəruridir.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsi tövsiyələr sırasındadır.
7. Qurumun təqdim etdiyi pullu xidmətlərin siyahısı və onlardan istifadə yolları haqqında bilgi verilməsi faydalı olardı.
8. Boş iş yerləri və işə qəbulla bağlı bütün gərəkli bilgilər məhz saytın özündə yerləşdirilməlidir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
10. Yaxşı olardı ki, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edilsin.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
12. Eyni sözləri qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də demək olar.
13. Saytın texniki imkanlarının çağdaş tələblərə uyğunlaşdırılmasına ehtiyac var.