Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı İnternet resursu həm çeviklik baxımından, həm də texniki imkanları sarıdan elə də ciddi şəkildə diqqəti çəkmir. Düzdür, saytda abunə və onlayn müraciət formaları təqdim edilir. Ancaq ən adi gündəlik informasiyalar sarıdan çox ciddi çatışmazlıq var. Üstəlik bir çox bölmələr üzrə bilgi ümumiyyətlə yoxdur. Bununla bərabər mövcud informasiyalar da çox zaman yetərli deyil. Saytın ümumi mənzərəsi aşağıdakı kimi görünür.
1. Qurum haqqında bilgilər yetərli sayıla biləcək qədərdir. Burada çatışmayan informasiya ona daha öncə başçılıq etmiş şəxslər haqqındadır.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi xarakterli e-poçt ünvanları, telefon və faks nömrələri verilir. Ancaq quruma gəlmək üçün ictimai nəqliyyat haqqında, onun marşrut və sxemi barədə bilgi isə təqdim edilmir.
3. Qurumun struktur vahidlərinin sxemi təqdim edilməsə də onun struktur vahidləri haqqında sözlü bilgi verilir. Əlavə olaraq struktur vahidlərinin rəhbərlərinin adları və onların telefon nömrələri təqdim edilir. Struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqqında bilgi yoxdur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər ümumiyyətlə yoxdur. Qurumun rəhbəri və digər rəhbər işçilərlə əlaqə vasitələri, həmçinin qurumla ümumi əlaqə imkanı tam olaraq göstərilir.
5. Cari informasiyalar məsələsində sayt nəinki ciddi şəkildə axsayır, həm də burada demək olar ki, heç bir cari informasiya yoxdur.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər tam olmasa da təqdim edilir. Qurumun təqdim etdiyi pullu xidmətlərin siyahısı və onlardan istifadə yolları haqqında isə informasiya təqdim edilmir.
8. İşə qəbul məsələsində də sayt ciddi şəkildə fərqlənmir. Burada yalnız bir cümlə ilə işə qəbulun müvafiq dövlət qurumu tərəfindən həyata keçirildiyi bildirilir. Bölmənin yerdə qalan yeddi bəndi üzrə heç bir bilgi yoxdur.
9. Növbəti boş bölmə isə sahə işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında hər hansı bilgi verilmir.
11. Təəssüf ki, tender və yarışmalar haqqında da eyni sözləri demək olar.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları elə də yüksək dəyərləndirilə bilməz. Ciddi şəkildə təkmilləşdirilməsinə gərək var. Burada abunə və onlayn yazışma forması isə təklif edilir.