Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin www.caspar.az domen adlı İnternet resursu indiyədək baxışdan keçirdiyimiz saytlar arasında ən zəifidir. Sayt faktiki olaraq uzun müddət öncə qurulana bənzəsə də onun üzərində demək olar ki, heç bir yeniləmə və uyğunlaşdırma işi aparılana bənzəmir. Saytda ən adi cari informasiyalar belə yoxdur. Bir çox bölmələr üzrə isə ümumiyyətlə heç bir bilgi gözə dəymir. Belə anlamaq olar ki, sayt nə zamansa qurulub və qurulduğu kimi qalmaqdadır. Ümumiyyətlə isə sayt aşağıdakı kimi görünür.
1. Qurum haqqında bilgilər heç əlli faizə də çatmır. Burada qurumun hazırkı başçısı haqqında bioqrafik bilgilər verilməsinə baxmayaraq ona daha öncə başçılıq etmiş şəxslər barədə heç bir bilgi yoxdur. Həm də qurumun işini təmin edən qanunlar haqqında, onun hakimiyyət qolundakı yeri haqqında da heç bir bilgi verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, mümkün telefon və faks nömrələri, e-poçt ünvanları verilib. Ancaq qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi təqdim edilmir.
3. Qurumun strukturunun sxemi olmasa da struktur vahidləri haqqında bilgi verilib. Və bu vahidlərin səlahiyyət çərçivələri, rəhbərləri ilə əlaqə imkanları və ünvanları göstərilib.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər baxımından yalnız qurumun rəhbərinin bioqrafiyası təqdim edilir. Özü də yetərli qədər deyil. Əks əlaqə imkanları da yetərli olmasa da telefon, faks nömrələri və e-poçt ünvanları şəklində təqdim edilir.
5. Qurumun cari informasiyalar məsələsində saytda heç bir bilgi yoxdur.
6. Daha bir çatışmayan informasiya ümumi dövlət büdcəsi ilə bağlıdır.
7. Təəssüf ki, qurumun təklif etdiyi xidmətlər barədə də heç bir bilgilərə rast gəlinmir.
8. Eyni sözləri boş iş yerləri və işə qəbulla bağlı bilgilərə də şamil etmək olar.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi verilmir.
10. Həmçinin vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında da heç bir bilgi yoxdur.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları çağdaş tələblərə heç cavab vermir. Burda abunə və onlayn müraciət forması da yoxdur. Həm də saytın özünün funksionallığı tələblərə uyğun deyildir.