Azərbaycan Respublikası Hesablama Palatasının www.ach.gov.az domen adlı İnternet resursu demək olar ki, ciddi bir resurs təsiri bağışlayır. Saytın texniki imkanları və funksionallığı yüksəkdir. Onlayn müraciət forması və abunə imkanı da var. Üstəlik saytda 13 bölmədən tam 10-na aid bilgilərin yer alması resursun ciddiliyindən xəbər verir. Düzdür, bir sıra bölmələrin heç də bütün bəndləri tam və dolğun deyil. Bununla belə ən azından hər bölməyə aid bilgilərin burada yerləşdirilməsinə cəhd göstərmək alqışlanmalıdır. Saytda gördüklərimizi aşağıda sırası ilə təqdim edirik.
1. Qurum haqqında bilgilər yetərlidir. Yalnız ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yoxdur. Qalan bəndlər üzrə bilgilər tam və dolğundur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları, marşrut və sxemi verilmişdir. Lakin quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi yoxdur.
3. Qurumun strukturunun sxemi tam olaraq verilmişdir. Eyni zamanda struktur vahidlərinin rəhbərləri, onlarla əlaqə imkanları da təqdim edilib. Struktur vahidlərinin səlahiyyət çərçivələri barədə bilgilər də verilsə də onların ünvanları haqqında heç bir bilgi təqdim edilmir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam və dolğun şəkildə təqdim edilir. Həm onlarla, həm də ümumilikdə qurumun özü ilə əlaqə imkanları yetərli sayılacaq səviyyədədir.
5. Cari informasiyalar məsələsində sayt elə də fərqlənmir. Ən sonuncu xəbər 2011-ci il fevral ayının 8-nə aiddir. Sayta baxış isə martın 7-də keçirilir. Bununla belə qurumun icra etdiyi proqram və layihələr haqqında bilgilər verilib. Həmçinin qurumdaxili əmr və sərəncamlar barədə də bilgi var.
6. Ümumi dövlət büdcəsi ilə bağlı bilgilər tam olmasa da diqqətə dəyər qədərdir. Qurumun büdcəsi verilib. Onun icrası haqqında rüblük və ya yarımillik hesabatlar da var. Ancaq ümumi dövlət büdcəsi, həmçinin qurumun büdcəsinə edilən dəyişikliklər barədə bilgi yoxdur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə yetərli sayıla biləcək qədər bilgi verilib. Ancaq qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə üsulları barədə bilgi verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgi verilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər demək olar ki, tam və dolğundur. Bununla belə burada da çatışmayan bilgilər mövcuddur. Qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında ayrıca bilgi verilmir.
11. Tender və yarışmalar haqqında bilgilər tam olmasa da verilib. Yəni ən azından elanlar və onların arxivi sayıla biləcək bilgilər var. Ancaq tender və yarışmaların sonucları və mübahisələrin həlli yolları barədə bilgi təqdim edilmir.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları mükəmməldir. Burada abunə təklifi ilə bərabər onlayn müraciət forması da var.