Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının www.antikorrupsiya.gov.az domen adlı İnternet resursu özünün texniki imkanları və funksionallığı baxımından yüksək dəyərləndirilə bilər. Bununla belə bilgi tərkibi haqqında bunu demək olmaz. Həm də saytı çevik dəyərləndirmək mümkün deyil. Ümumi hesabla 13 bölmədən yalnız 6-sı üzrə bilgilər var ki, onların da heç də hamısı yetərli sayılacaq qədər deyil. Saytı ziyarət edərkən belə təəssürat yaranır ki, bu qurum heç bir fəaliyyət göstərmir. Ümumiyyətlə isə saytda gördüklərimiz aşağıdakılardan ibarətdir.
1. Qurum haqqında bilgilər tam və dolğun kimi dəyərləndirilə bilər. Səlahiyyət çərçivəsi, qanunverici əsasları, tarixi haqqında bilgilər yetərlidir. Ancaq quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, onlayn müraciət forması və bir e-poçt ünvanı verilib. Ancaq marşrut və sxemi, bura gəlmək üçün ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun struktur vahidlərinin sxemi verilməyib. Bununla belə sözlü olaraq onun tərkibi haqqında və səlahiyyət çərçivələri barədə bilgi təqdim edilir. Lakin struktur vahidlərinin ünvanları barədə heç bir bilgi yoxdur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tamdır. Onlarla əks əlaqə imkanları da yetərlidir.
5. Cari informasiyalar məsələsində sayt elə də yaxşı təsir bağışlamır. Çünki cari il haqqında xəbərlər mütəmadi yerləşdirilsə də ondan daha öncəki xəbər 2010-cu ilin aprel ayına aiddir. Qurumdaxili əmr və sərəncamlara aid edilə biləcək sənədlər və onların reyestri təqdim edilib.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər də əks etdirilmir.
8. Eyni hal boş iş yerləri və işə qəbulla bağlı bilgilərdə də müşahidə edilir.
9. Növbəti boş bölmə isə sahə işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da hər hansı bilgi verilmir.
11. Təəssüf ki, tender və yarışmalar haqqında da eyni sözləri demək olar.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti daha bir boş bölmədir.
13. Saytın texniki imkanları yaxşı durumdadır. Onlayn müraciət forması da verilib. Ancaq abunə imkanı təklif edilmir.